Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz satışında təqsirli bilinən Hünər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hünər Cəfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Astara rayon sakini, 1982-ci il təvəllüdlü, indiyədək üç dəfə həbsxana həyatı yaşamış Hünər Cəfərov narkotik satışına və istifadəsinə görə həbs edilib.
Hünər Cəfərov birinci dəfə fərariliyə, ikinci dəfə isə hərbi hissəni özbaşına tərk etdiyinə görə həbsə salınıb. Üçüncü dəfə isə narkotik maddə qaçaqmalçılığına görə cəza çəkib.
Hünər Cəfərov dördüncü dəfə də narkotiklə tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçiləndən sonra apelyasiya şikayəti verib. Amma Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Məhkəmənin bu qərarından narazı qalan Hünər Cəfərov isə etiraz əlaməti olaraq və istintaqa və məhkəməyə təzyiq göstərmək məqsədilə öz qulağının bir hissəsini alışqanın metal hissəsi ilə kəsib və nümayişkaranə şəkildə yeyib.
Hacı Zeynalov