6 Yanvar 2017 16:07
1 864
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belçikanın Antverpen şəhərindən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindəki şərikim Həsən adlı hindistanlıya brilyant daş və qızıl-zinət əşyaları alaraq göndərmişəm. Həmin şəxs də mənə hər göndərişdən 1000-1500 ABŞ dollarına yaxın qazanc verib. Daş-qaş alveri ilə bağlı Belçikada olduğum zaman Həsənlə dəfələrlə danışmışam. Bundan başqa, Bakı şəhərindən Həsənlə bir neçə dəfə “Azercell” telefon nömrəsi ilə danışdığım zaman telefonumun dinlənildiyini hiss etmişəm”.

Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış zərgərlik məmulatlarının ticarəti ilə məşğul olan İlqar Əliyev istintaqa verdiyi ifadəsində deyib.

İlqar Əliyev bildirib ki, 13 may 2014-cü il tarixdə Gürcüstandan şəxsi səfərdən “Mercedes-Benz” markalı taksi ilə qayıdarkən axşam saat 20 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığında bir neçə “CİP” tipli avtomobillə qarşısı kəsilib: “Bir neçə şəxs məni zorla qara rəngli “CİP” tipli avtomobilə oturduraraq MTN əməkdaşı olduqlarını dedilər. Məni MTN-in inzibati binasına gətirdilər. MTN-ə getdiyimiz zaman avtomobilin qabaq oturacağında özünü rəhbər şəxs kimi təqdim edən Füzuli Əliyev oturmuşdu. MTN-in nəzarət-buraxılış məntəqəsində məni qeydiyyatdan keçirib-keçirmədiklərini xatırlamaram. Lakin mobil telefonumu əlimdən almışdılar. Qeyd etdiyim şəxslər məni MTN-in nəzarət-buraxılış məntəqəsinin 2-ci mərtəbəsinə apardıqdan sonra təhqir etməyə başladılar”.

İlqar Əliyevin sözlərinə görə, daha sonra hədə-qorxu gələrək qaçaqmalçılıqla məşğul olduğunu, onu həbs edəcəklərini bildiriblər: “MTN-in binasında bildirdilər ki, sən qızıl-brilyant işi ilə məşğulsan, kimə gətirirsən, adlarını de. Mən isə Azərbaycanda bu işlə məşğul olmadığımı söylədim. Məni saxlayanların MTN əməkdaşları Füzuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədov olduğunu bilirəm. Orada MTN-in digər əməkdaşları da vardı. Ancaq kim olduqlarını bilməmişəm.

Daha sonra mənə məcburən guya telefonda danışdığım şəxslərin sifarişi əsasında qızıl-brilyant gətirdiyim barədə izahat yazdırdılar. Bununla da istifadəmdə olan telefonlara qulaq asıldığına əmin oldum. Həmin tanışlarıma da zəng edərək MTN-ə çağırdılar”.

İlqar Əliyev bildirib ki, bir gecə MTN-də saxlandıqdan sonra səhəri gün tanıdığı bir neçə şəxslə üzləşdirilib: “Üzləşmə zamanı həmin şəxslərə adlarının zorla izahata yazdırıldığını bildirdim. 3 gün müddətində Füzuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədov məndən həbs edilməməyim üçün 500.000 ABŞ dolları pul tələb etdilər”.

İş adamı qeyd edib ki, MTN-də həbs olunması barədə evinə məlumat verməsi üçün telefonunu ona qaytarıblar: “Mən də həyat yoldaşımın və oğlum Adilin mobil telefon nömrəsinə zəng etdim. Həbs edilməyimlə bağlı atama məlumat verməyi tapşırdım. 3 gün MTN-in inzibati binasının yaxınlığındakı “Sultan” kafesinə aparılıb-gətirilmişəm. Həmin müddət ərzində nəzarət-buraxılış məntəqəsində divanda və ya kresloda gecələmişəm. MTN-in binasında olduğum zaman Natiq Alıyev tərəfindən dəfələrlə sillə- təpiklə döyülmüşəm”.

Zərərçəkmişin sözlərinə görə, Füzuli Əliyev bir neçə dəfə gümüşü rəngi olan xidməti tapançasını çıxararaq ona göstərib və hədə-qorxu gəlib: “3 gün sonra məni MTN-dən buraxanda tələb etdikləri məbləği çox yalvar-yaxardan sonra 150.000 ABŞ dolları məbləğinə saldım. Başqa çıxış yolu olmadığını, həbs ediləcəyimi görüb pul verməyə razılaşdım.

Axşama kimi pulu gətirmək üçün vaxt verdilər və məni MTN-dən buraxdılar. Atamın yaşadığı evə getdim. Atamın evində olan, özümə məxsus qızıl-zinət əşyalarını tanımadığım adamlara satdım, cəmi 90.000 ABŞ dolları pul düzəltdim. Anam Ulduza Əliyevaya məxsus 2 ədəd, hər biri 3 karat olan brilyant sırğaları götürərək 16 may 2014-cü il tarixdə saat 19 radələrində MTN-ə qayıtdım. “Sultan” kafesinə girərək Zaur Məmmədovun, Natiq Alıyevin orada olduğunu gördüm”.

Zərərçəkmiş qeyd edib ki, həmin vaxt 90.000 ABŞ dolları məbləğində pul və 60.000 ABŞ dolları dəyərində brilyant sırğalar onda olub: “Zaur Məmmədov mənimlə birlikdə Azərbaycan Texniki Universiteti ilə üzbəüz, yolun kənarına gəldik. Orada Füzuli Əliyevi gördüm. Onlara cəmi 90.000 ABŞ dolları pul və 60.000 ABŞ dolları dəyərində brilyantlar gətirdiyimi bildirdim.

Füzuli Əliyevin tapşırığı ilə pulu onun yolun kənarında dayanmış “CİP” tipli avtomobilin baqajına qoydum, sırğaları isə Zaur Məmmədova verdim. Zaur Məmmədovla birlikdə “Sultan” kafesinə qayıtdıq. Mən kafedə olduğum zaman Zaur Məmmədov harasa getdi. Geri qayıtdıqdan sonra mənə həmin brilyantların 40.000 ABŞ dolları dəyərində olduğunu dedi. Daha sonra kafeyə Füzuli Əliyev gələrək əlavə 20.000 ABŞ dolları verməli olduğumu söylədi. Ona pulumun olmadığını bildirdim. Onlar da mənimlə razılaşdılar”.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılacaq.

Cinayət işi hakim Həbib Həsənovun icraatında yanvarın 19-da Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər