Şəmkir rayonunun Aşağı Seyfəli kənd məktəbində laborant işləmiş Xatirə Əliyeva direktor Akif Namazovun laborantın xidməti kompüterdə seks videosu olduğu barədə iddialarına cavab verib.
Xatirə Əliyevə Teleqraf.com-a açıqlamasında Akif Namazovun özünün ona iş üçün təqdim etdiyi noutbukda məktəblə bağlı saxta sənədlərin olduğunu deyib: “Həmin noutbukda nə seks videoları olub, nə də sonradan ora yerləşdirilib. Onun dedikləri hamısı yalandır və haqqımda səsləndiyi ittihamlarla bağlı nə isə demək belə istəmirəm. Akif Namazov təhsil şöbəsində düşmən olduğu Cəlal müəllimin işini gördüyümə görə mənə acıqlanıb. “Mənim onunla düşmən olduğumu bilə-bilə nə üçün onun tapşırdığı işi görürsən”, - deyib noutbuku əlimdən aldı. İki ay olar ki, həmin noutbuka əl vurmamışam. O, özü seks videolarına baxmağı xoşlayırdı, dəfələrlə həyat yoldaşımdan da xahiş edib ki, onun üçün belə videolar tapsın. Bu, onların öz aralarında olan məsələdir, istəməzdim ki, ağsaqqal adam haqqında belə fikirlər dilə gətirim”.
Laborant direktorun ondan ərizə yazıb işdən çıxmasını tələb etdiyini bildirib: “Ərizə yazmadığıma görə bu yollara əl atdı. Akif Namazov məktəbdə 7 kompüterin işlədiyini deyir. Hazırda məktəbdə 10 kompüter işləyir. Biz iki laborantıq, necə olur ki, kompüter çatmırsa, məhz məni işdən çıxarır? Məktəb haqqında çox şey bildiyimə görə məni məktəbdən uzaqlaşdırmaq üçün bu yola əl atıb. Mən əvvəlki direktor Nizami Rzayevin çalışdığı dövrdə işə qəbul edilmişəm, 4 ildir Akif Namazovla işləyirəm. Artıq heç nə danışmaq istəmirəm. Bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəm”.
Qeyd edək ki, Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasındakı qalmaqal olub. Adıçəkilən məktəbdə laborant işləmiş Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə X.Əliyevanı xidməti noutbukda seks videosu olduğuna görə işdən uzaqlaşdırdığını açıqlayıb.
Kəmalə