17 Yanvar 2017 15:56
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi İbtidai istintaq idarəsinin 2-ci şöbə rəisi Vüsal Ələkbərov hədə-qorxu yolu ilə iş adamı Mehrac Qurbanovun 200.000 ABŞ dollarını ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Vüsal Ələkbərovun Bakı Hərbi Məhkəməsinə göndərilən cinayət işində qeyd olunub.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Mehrac Qurbanov bildirib ki, 2007-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialında müqavilə bağlamaqla, öz adına illik 12 faizə 623.300 avro məbləğində əmanət qoyub: “İlkin olaraq 7-8 ay ərzində həmin faizləri almışam. 2008-ci ilin oktyabr ayında MTN-nin istintaq baş idarəsinin Vüsal Ələkbərov ad-soyadlı şöbə rəisi nömrəmə zəng edərək məni istintaqa çağırdı. Zəngdən 2-3 gün sonra, səhər saatlarında MTN-ə getdim. Əsas giriş qapısında qeydiyyata alınaraq iki nəfər tanımadığım avtomatlı əsgərin müşayəti ilə xatirlamadığım mərtəbəyə qaldırıldım. Orada bir xidməti otağa aparıldım.

Həmin otaqda Vüsal Ələkbərov təklikdə bildirdi ki, sən banka əmanət kimi pul qoymusan, həmin puldan imtina etməlisən, əgər imtina etməsən, başına oyun açacağıq, hansı yolla olursa-olsun səni tutduracağıq.

Ona halal pulumdan imtina etməyəcəyimi bildirdim. Vüsal mənə dedi ki, bizə 300.000 ABŞ dolları verməlisən, bu pulun müqabilində sənin də əmanətinin qaytarılmasına köməklik edək, 15 gün ərzində əmanətin sənən qaytarılacaq. Amma bu pulu bizə verməsən, səni tutacağıq, bu rəhbərliyin göstərişidir”.

Mehrac Qurbanov qeyd edib ki, həmin vaxt Vüsal Ələkbərov onun ifadəsini alıb: “İfadəmi aldıqdan sonra 10 vərəqdə imza nümunələrimi götürdü. Həmçinin məni istintaq baş idarənin rəisi Mövlam Şıxəliyevin yanına apardı.

Mövlam Şıxəliyev mənə dedi ki, Vüsal Ələkbərovun dediklərini etməlisən, biz də sənə kömək edərək banka qoyduğun əmanəti qaytaraq. Həmin vaxt Mövlam Şıxəliyev bu sözləri mənə acıqlı şəkildə dedi. Tutulmaqdan qorxduğum üçün pul verməyə razılaşdım. Çox yalvar-yaxardan sonra Vüsal Ələkbərov 200.000 ABŞ dolları verməyimə razılaşdı. Lakin “pulu sabah çatdırmalısan” dedi”.

İş adamı əlavə edib ki, həmin gün saat 20 radələrində MTN-dən buraxılıb: “Qorxduğum, hədə-qorxu altında qaldığım üçün pul toplamağa başladım. Şirvan şəhərinə gedərək tanışım İsmayl Əhmədova öz fermamdan 3600 manata 30 baş qoyun satdım, qardaşlarım – Hüseyn Qurbanovdan 10.000 manat, Heydər Qurbanovdan 15.000 manat, bibim oğlu Kərim Tağıyevdən 20.000 manat, bacılarımdan yadımda qalmayan məbləğdə, Sabirabad rayonunun Həşimxanlı kəndində yaşayan Səmədağa adlı şəxsdən 50.000 manat borc aldım.

Topladığım 200.000 ABŞ dollarını sarı rəngli sellofan torbaya qoyaraq Vüsalın hazırda xatırlamadığım mobil nömrəsinə zəng vurdum. Onun tələbi ilə birbaşa MTN-ə getdim. Oradan bir daha saat 17 radələrində Vüsala zəng edərək olduğum yeri bildirdim”.

Mehrac Qurbanovun sözlərinə görə, Vüsal Ələkbərov MTN-nin əsas giriş qapısında dayananlara tapşırdığı üçün onu qeydiyyata alaraq xidməti otağına aparıblar: “Otaqda sellofan torbada gətirdiyim 200.000 ABŞ dollarını təklikdə Vüsal Ələkbərova verdim. Sonra ondan banka qoyduğum əmanətin nə vaxt qaytarılacağını soruşdum. Vüsal bu barədə mənə zəng edərək məlumat verəcəyini dedi. MTN-dən çıxandan sonra qardaşım oğlu Mahir Qurbanovun idarə etdiyi “Mercedes S klass” markalı avtomobillə evə getdim. 15 gün sonra Vüsal Ələkbərova zəng etsəm də, cavab ala bilmədim”.

Mehrac Qurbanov qeyd edib ki, borc aldığı şəxslərə MTN-dən Vüsal Ələkbərov adlı şöbə rəisinin hədə-qorxu yolu ilə ondan pul aldığını deyib: “Bunun nəticəsində borca düşmüşəm. Sonra qalan mal-qaramı, fermamı dəyər-dəyməzinə satmışam. Həmin ərəfədə bacanağım Elşən Mədətov da həmin banka əmanət qoyması ilə əlaqədar Vüsal tərəfindən çağırılaraq 250.000 dollar məbləğində pul alınıb. Bundan sonra biznesi dayanan Elşən infarkt keçirib”.

Mehrac Qurbanovun sözlərinə görə, ləğv olunmuş MTN-nin istintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyevlə mobil telefon vasitəsi ilə bankda olan əmanətin qaytarılması ilə bağlı danışıb: “Hadisədən uzun müddət keçdiyindən Mövlam Şıxəliyevin xarici görünüşünü təsvir edə, sifəti yadımda qalmadığından tanıya bilmirəm. 15 yanvar 2016-cı il tarixdə üzləşdirilmə zamanı Vüsal Ələkbərovu tanımaqda çətinlik çəkməyim və səhv salmağım da hadisədən uzun müddət keçməsi ilə əlaqədar olub.

Vüsal Ələkbərov ilk dəfə məni MTN-ə çağırdığı gün 4-5 saat qaranlıq otaqda saxlayıb”.

Bu iş üzrə şahid qismində ifadə verən Mahir Qurbanov bildirib ki, əmisi Mehrac Qurbanov 2008-ci ilin noyabr-dekabr aylarında ona zəng edərək MTN-nin binasının yanına gəlməsini istəyib: “Mən də ora gedərək MTN-nin əsas nəzarət-buraxılış məntəqəsinin önündən əmimi götürdüm. Sonralar əməmdən “Texnikabank” ASC-də olan əmanətinə görə pul tələb edildiyini eşitdim. Bunun dəqiq səbəbini, pulu kimə və necə verməsini bilməmişəm. Əmim atam Hüseyndən 10.000, digər qohumlarımdan müxtəlif məbləğlərdə borc pul alıb”.

Cinayət işi üzrə telefon danışıqlarının təhlilindən də müəyyən edilir ki, Mehrac Qurbanov istifadəsində olan mobil telefon nömrəsi ilə Vüsal Ələkbərovun istifadəsində olan mobil telefon nömərsi ilə danışıqları olub.

İstintaq orqanı Vüsal Ələkbərovun dəfələrlə Mehrac Qurbanovla telefon danışıqları ilə bir daha müəyyən edib ki, hədə-qorxu yolu ilə Vüsal Ələkbərov ondan 200.000 ABŞ dollarını məhz 23 oktyabr 2008-ci ildə alıb. Buna baxmayaraq Vüsal Ələkbərov istintaqa özünü müdafiə xarakterli ifadə verərək bildirib ki, “Texnikabank” ASC-nin “Bakı” filialının sabiq rəhbəri Zal Yusifov və digər şəxslərin cinayət işi üzrə Mehrac Qurbanovu zərərçəkmiş şəxs qismində tanıyıb: “Mehrac Qurbanov bankın “Bakı” filialına qoyduğu əmanət Zal Yusifov və digərləri tərəfindən mənimsənilib. Mehrac Qurbanovu qəbul etdiyimi və ya dindirdiyimi xatırlamıram. Onunla hər hansı qeyri-prosesual davranışa yol verməmişəm, hüquqlarını pozmamışam”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər