6 Fevral 2017 13:55
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabuncu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi proses Kürdəmir rayonunda yerləşən “Xatirə” restoranın sahibinə qarşı edilən qanunsuz hərəkətlərlə bağlı dinləmə olub.

Məlumat üçün bildirək ki, Kürdəmir rayon Mollakənd sakini Şehman İmanova məxsus “Xatirə” restoranı Akif Çovdarov və adamları tərəfindən zorla ələ keçirilib.

Prosesdə Kürdəmir rayon sabiq icra hakiminin aqrar məsələlər üzrə müavini olmuş Əşrəf Rzayev ifadə verib. O, ifadəsində istintaqa ifadəni təsdiqləyib.

Keçmiş müavinin sözlərinə görə, icra başçısı onu yanına çağıraraq torpaqla bağlı sənədləşmə aparmasını tapşırıb: “İcra başçısı dedi ki, torpaq var, onu sənədləşdirmək lazımdır. Mən də Torpaq Komitəsi ilə baxdım ki, həmin yer boşdur. Biz də sənədləşdirdik”.

Daha sonra prosesdə şahid qismində Kürdəmir rayon bələdiyyə sədri olmuş Mətləb Rzayev ifadə verib. Şahid bildirib ki, həmin torpaq onlara məxsus olub: “Torpaq bizim idi. Əşrəf və Gülbala adlı icra hakimiyyətin işçisi gələrək bildirdilər ki, həmin torpağı onlara vermək lazımdır. İlk öncə razılaşmadıq, daha sonra icra hakimiyyətin işçiləri hədə-qorxuya keçdilər. Məcbur həmin torpaqdan imtina etdik”.

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif: