Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı vəsatətlə çıxış edib. O bildirib ki, bu gün burada əsas diqqəti ittihamın əsaslarına yönəltmək istəyir: "İttiham aktında hər bir təqsirləndirilən şəxs barədə, xüsusən də Vidadi Zeynalov barədə kifayət qədər ziddiyyətli və əsassız məqamlar var. Vidadi Zeynalov maddi-məsul şəxs, Rabitə Nazirliyinin tabeliyində olan sərbəst struktur bölməsinin rəhbəri və onun aparat rəhbəri kimi faktiki səlahiyyətləri olmadığı halda, istintaq orqanı tərəfindən Vidadi Zeynalova Məcəlləsinin müaviq maddələri ilə verilən ittiham əsaslı ola bilməz".
Vəkil qeyd edib ki, ittiham aktında Məhəmməd Məmmədov və Oqtay Rüstəmova aid hissələrdə göstərilib ki, həmin dövrdə ƏDV ilə birlikdə 95 milyon 425 min manat vəsait saxta hesabatlar tərtib etməklə başqa-başqa telekommunikasiya qovşaqlarına köçürülərək, sənədləşdirilib: "ƏDV ilə birlikdə 54 milyon vəsaitdən 42 milyonu nağdalaşdıraraq, 37 milyon manatı Vidadi Zeynalova verib, 4 milyon 200 manatı özünə qalıb, 234 min manatı isə Oqtay Rüstəmova verib".
Elxan Süleymanlı əlavə edib ki, Məmməd Məmmədovun ifadəsinə "Aztelekom" MMC-dən 2009-2015-ci illərdə daxil olmuş 128 milyon manat xidmət haqqı "Aztelekom" MMC tərəfindən nazirliyin göstərişi ilə telefon qovşağına, Azərpoçt MMC-yə, "Qafqaz-s" MMC-yə, "Optik Rabitə Montaj", "Kompas" və digər MMC-lərə köçürülüb, həmin vəsaitdən nazirliyin xəzinəsinə pul verilib. Vəkil qeyd edib ki, burda iki epizod üzrə əsas ittihamlar verilib, onlar da bir-biri ilə ziddiyyət təşkil edir. Elxan Süleymanlı Qəbələ, Şirvan və Sabirabad telefon qovşaqlarının rəislərinin ifadələrinin elan edilməsini istəyib.
Elxan Süleymanlı həmçinin bildirib ki, Qəbələ, Şirvan və Sabirabad telefon qovşaqlarının rəisləri ifadələrində 26 milyon vəsaiti "Aztelekom"a verdiklərini bildiriblər: "İstintaq bu pulların faktiki olaraq kimlərdə olduğunu müəyyən etməyib. Hesab edirəm ki, bu hallar istintaqa məlumdur. Lakin özlərinə bəlli səbəblərə görə, bu faktları gizlədiblər. Ona görə də burada qeyd etdiyim bu məsələlər mütləq araşdırılmalıdır. Biz vəkillər məhkəmədə kimi müdafiə etməyimizdən asılı olmayaraq, ilk növbədə Azərbaycan respublikasının vətəndaşlarıyıq. Hesab edirəm ki, hər bir kəs tutduğu mövqeydən asılı olmayaraq, dövlətə və dövlətçiliyə sədaqətli olmalıdır. Şəxsi maraqları dövlət maraqlarından üstün tutmaq olmaz".
Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev etirazını bildirib. O qeyd edib ki, vəsatətləri var, onlar da Vidadi Zeynalovun ifadələrini elan edilməsini istəyib.
Vidadi Zeynalovun digər vəkili Ceyhun şahid Fətulla Baxşəliyevin ifadəsinin elan edilməsini istəyib. Bildirib ki, Məhəmməd Məmmədov 4,6 milyon manat mənimsəmədə ittiham edilir.
Bu zaman təqsirləndirilən Məhəmməd Məmmədov Vidadi Zeynalova etiraz edib: O, "Vidadi Zeynalov məndən nə istəyirsən, mənimlə problemin var?" - deyə, bildirib.
Vidadi Zeynalov isə onunla heç bir işi olmadığını deyib.
Hakim qeyd edib ki, sənədlərin tədqiqi mərhələsində bu məsələləri araşdırmağa bir gün ayrılacaq.
Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev bildirib ki, Məhəmməd Məmmədov heç kimə pul verməyib.
Məhəmməd Məmmədovun vəkili Vidadi Zeynalovun vəkillərini müvəkkilinin əleyhinə vəsatət verməkdə günahlandırıb.
Vidadi Zeynalov isə bildirib ki, onun və vəkillərinin məqsədi Məhəmməd Məmmədovun əleyhinə danışmaq yox, istintaqın düzgün aparılmamasını sübut etməkdir: "Hamı bilir ki, Məhəmməd Məmmədov nə pul alıb, nə də pul verib. Ancaq qorxusundan dövlətə vurulan ziyanı ödəyib".
Təqsirləndirilən Namazəli Məmmədovun vəkili Könül Əliyeva isə mühasibat ekspertizasının təkrar keçirilməsi haqqında vəsatət qaldırıb. Məhkəmə vəsatəti hazırkı mərhələdə baxılmamış saxlayıb.
Proses martın 3-də davam etdiriləcək.
Hacı Zeynalov