Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesin əvvəlində zərərçəkmiş tərəflə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb.
Mərhum Mahir Quliyevin qardaşı Səxavət Quliyev təqsirləndirilən şəxsə hədə-qorxu gəlib, qardaşının qisasını alacağı ilə hədələyib. Hakim tərəfləri sakitləşdirib, bildirib ki, qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görülücək. Daha sonra məhkəmə istintaqının başlanıldığı elan edilib, çıxış etmək üçün söz prokurora verilib.
Prokurorun səsləndirdiyi ittihamdan məlum olub ki, ötən il sentaybrın 26-da Sabunçu rayonu Pirşaği qəsəbəsində Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Mahir Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə Nurlan Quliyevin bacısını qaçırıb. Nurlan Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib,
daha sonra onun ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb.
Murlan Quliyev oradaca dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Nurlan Quliyev tutulub. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.
Məhkəmədə ifadə verən Nurlan Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: “Mahiri mən öldürmüşəm, bunu da qisas məqsədilə etmişəm. Mahir bacımı qaçırmışdı, bu da mənə pis təsir etmişdi. Bacımın başqa sözlüsü var idi. Həmin sözü ailələrimiz kəsmişdik. Dayım oğlu Mahir bundan sonra bacımı qaçırıb”.
Nurlan Quliyevin sözlərinə görə, bacısı Mahiri sevməsindən, onların arasında sevgi münasibətindən xəbərsiz olub. Prosesə sədrlik edən hakim təqsirləndirilən şəxsi belə cinayət törətməsinə görə cahil adlandırıb: “Hər iki şəxs biri-birini seviblər. Bacını məcbur qaçırmayıb, könüllü şəkildə bacın dayın oğluna qoşularaq qaçıb. Buna görə adam öldürərlər? Bacını da bədbəxt edibsən, onun günahı nə idi ki?”
Təqsirləndirilən şəxs hakimin ittiham dolu suallarına cavab verə bilməyib. Bu zaman hakim təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə maraqlanıb. Bildirib ki, normal adam belə bir iş üstündə adam öldürə bilməz.
Təqsirləndirilən şəxs deyib ki, istintaq zamanı psixoloji ekspertizadan keçirilib və psixi durumu normaldır. Hakim bildirib ki, belə bir iş üstündə cinayət törədilməsini heç vaxt eşitməyib: “Eşitməmişəm ki, iki gəncin sevgisi üstündə adam öldürsünlər. Sizin bu hərəkətiniz səylikdir”.
Hakim təqsirləndirilən şəxsdən indiyə kimi sevgilisi olub-olmammasını soruşub. Nuraln Quliyev deyib ki, bu yaşına kimi heç kəsi sevmyib. Təqsirləndirilən şəxsin bu cavabına hakim belə cavab verib: “İndiyə kimi heç kimi sevməmisiz, heç kimi istəməmisiz. Bu hislərdə sizdə olmayıb. Amma iki gənci bədbəxt edibsiz”.
Daha sonra dövlət ittihamçısının suallarını cavablandıran Nurlan Quliyev bildirib ki, əvvəllər dayısı oğlu ilə heç bir ədavəti-düşmənçiliyi olmayıb: “Məqsədim Mahiri öldürmək idi. Çünki o, bacımı qaçırmışdı, buna görə də ondan qisas alırdım. Namusumu təmizləyirdim”.
Hakim isə bildirib ki, bu hadisənin namus məsələsi ilə heç bir əlaqəsi yoxdur. İki gəncin sevgi münasibəti olub, sonda da evləniblər.
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Səxavət Quliyev bildirib ki, mərhum onun qardaşıdır. O, ifadəsinin əvvəlində təqsirləndirilən şəxsin namus məsələsi ilə bağlı səsləndirdiyi ifadəsinə belə münasibət bildirib: “Nurlan bacısının namusunu çəkən oğlan deyil. Onun bacısı əvvəllər başqa bir oğlanla telefonda danışıb. Bunu Nurlan bilib. Amma heç nə etməyib. Əgər namus davası edirdisə, bacısının telefonda danışdığı oğlanı öldürərdi”.
Hakim zərərçəkmiş şəxsin hüquqi varisinə ittiham verilən çərçivədə danışmağı məsləhət bilib. Qeyd edib ki, əlavə ifadələr səsləndirməyə ehtiyac yoxdur.
Səxavət Quliyev bildirib ki, hadisədən bir gün əvvəl Nurlan Quliyev ona zəng edib: “Həmin vaxt həm mən, həm də qardaşım Mahir işdə idi. Tələsik evə gəldim. Məndən bir neçə dəqiqə sonra Mahir də işdən qayıtdı. Bir qədər keçəndən sonra Nurlan bizə gəlib qardaşımı soruşdu. Dedim, qardaşımı neynirsən, nə sözün var, mənə de. Nurlan israrla qardaşımla görüşmək istədiyini bildirdi. Amma onu qardaşımla görüşdürmək istəmədim.
Nurlanla kafeyə getdik. Orada Nurlanı başa saldım ki, bacısını heç kim məcbur qaçırmayıb. Ona dedim ki, sənin də atan, mənim də atam qız qaçırıb. Biz tərəfdə qız qaçırmağa pis baxmırlar. Bu zaman Nurlan dedi ki, heç bir problem yoxdur”.
Səxavət Quliyevin sözlərinə görə, həmin vaxt Nurlan Mahirlə 10 dəqiqəlik görüşmək istədiyini bildirib: “Ona dedim ki, qardaşım evdə yoxdur. Dedi ki, Mahiri səhərə qədər gözləyəcək. Fikirləşdim ki, evdə olmadığım vaxt qardaşımla görüşər, buna görə onları görüşdürmək qərarına gəldim. Zəng edərək qardaşımı olduğumuz yerə çağırdım. Qardaşım ora gəldi.
Bu zaman Nurlan dedi ki, dayımın qəbrini ziyarət etmək istəyirəm. Bildirdim ki, problem yoxdur. Biz birlikdə qəbristanlığa getdik. Orada olduğum zaman mənə zəng gəldi. Telefonla danışandan sonra baxdım ki, qardaşımla Nurlan yoxdur. Qardaşıma zəng elədim, dedi ki, qəbristanlığın ortasındadırlar. Sonra onların yanına getdim”.
Səxavət Quliyev qeyd edib ki, onlar birlikdə qəbristanlıqdan çıxablar və Pirşağı körpüsünün yanına gəliblər: “Həmin vaxt mənə əmim zəng elədi. Onunla telefonla danışan zaman Nurlanla Mahir məndən kənarlaşdı. Tələsik onların yanına getdim. Orada Nurlana dedim ki, rayona, Ağdam rayonunun Quzanlı qəsəbəsinə qayıt.
Fikirləşdim ki, rayondan gəlib, pulu olmaz. Buna görə də onun cibinə 15 manat qoydum. Sonra taksi saxlatdırdım, onu avtovağzala göndərdim. Bir neçə dəfə Nurlan ilə əlaqə saxladım, bildirdi ki, avtovağzaldayam, rayona gedirəm”.
Səxavət Quliyevin sözlərinə görə, səhərə yaxın Nurlan onun mobil telefona zəng edib: “Nurlan dedi ki, qardaşını öldürmüşəm, meyiti qamışlıqdadır, gəl apar. Mən də tələsik evdən çıxdım. Onun dediyi yerə getdim. Qardaşımın meyitini orada gördüm”.
Şahid qismində ifadə verən Gözəl Quliyeva qeyd edib ki, oğlunu öldürən Nurlan Quliyevə ömürlük cəzanın verilməsini istəyir.
Proses aprelin 25-də davam edəcək.
Hacı Zeynalov