Teleqraf.com-un Lent.az-a istinadən məlumatına görə, hadisə saat 17 radələrində Salyan şossesi 22 ünvanının qarşısında baş verib. Yaralanan şəxslərdən 17 yaşlı Firuddin İsmayılov da məhz həmin ünvanda yaşayır.
Bildirilir ki, hadisə orta məktəbin 11-ci sinif şagirdi olan Firuddin İsmayılovla Soltan Turabov arasındakı münaqişədən sonra baş verib. F.İsmayılov sinif yoldaşı olan Fərqanənin Soltan tərəfindən narahat edildiyini öyrənəndən sonra ona irad bildirib. Tərəflər arasında münaqişə sakitləşdiriləndən sonra isə Soltan Aqil adlı tanışını Firuddinin üstünə yollayıb.
Həmin şəxs məktəbli oğlanla dalaşarkən ətrafdakı şəxslər onları aralayıb. Daha sonra Aqil adlı həmin şəxs İbrahim və Elgün adlı daha iki nəfərlə “Hyundai Elantra” markalı avtomobillə Firuddinin yaşadığı evin qarşısına gəlib və küçədə ona tüfənglə atəş açıb. 17 yaşlı F.İsmayılovla qonşusu, 31 yaşlı Ələddin Bağırov güllə yarası alıb. Onların hər ikisi xəstəxanaya aparılıb.