Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. O, Rövşən Əhmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov çıxış edib. O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Vəkilin sözlərinə görə, Rövşən Əhmədovun mənimsədiyi iddia olunan qızıl-zinət əşyalarının çəkisinin nə qədər olması barədə məlumat, onların şəkilləri və görüntüləri cinayət işinin matreallarına daxil edilməyib.
Adəm Məmmədov bildirib ki, zərərçəkmişlərin ifadələrindən iki ay sonra Çingiz Baxşıyevin hüquq-mühafizə orqanlarına müraciət etməsi müəmmalı qalıb: “Ola bilsin ki, bu qohumlar arasında narazılıqdan qaynaqlanıb. Çingiz Baxşıyev bunu ailə daxilində həll etsəydi, yaxşı olardı. Qızıllar bağlı şəkildə verilib və alınıb”.
Vəkil qeyd edib ki, zərərçəkmişlərin hamısı bir ailənin üzvüdür: “Rövşən Əhmədova verilən ittiham absurddur. İttihamları qəbul etmirik. Müvəkkilimin barəsində bəraət hökmü çıxarılmasını istəyirik”.
Son sözlə çıxış edən Rövşən Əhmədov da çıxışında bəraət hökmü çıxarılmasını istəyib.
Daha sonra məhkəmə Rövşən Əhmədov barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.
Rövşən Əhmədov sabiq Nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilirdi. İttihama görə, o, Çingiz Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.
Hacı Zeynalov