5 İyun 2017 20:05
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzində qeydə alınıb.

Ticarət mərkəzindəki mağazalardan birinin sahibi, Sumqayıt şəhər sakini Adil Məmmədov iyunun 4-də, səhər tezdən iş yerinə daxil olarkən xeyli malın oğurlandığını görüb. O, baş verən oğurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib.

Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşları hadisə yerini müayinə edərkən, oradan 5220 manat dəyərində geyim əşyalarının oğurlandığını müəyyən ediblər.

Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə səhər saat 5 radələrində hadisənin baş verdiyi yerə taksi fəaliyyəti göstərən avtomobilin yaxınlaşdığı müəyyən edilib.

Sonrakı tədbirlərlə həmin avtomobilin dövlət qeydiyyat nişanı müəyyənləşdirilərək sürücüsü saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin səhər saatlarında tanımadığı 2 nəfəri müştəri qismində əllərindəki yüklə Maştağa qəsəbəsinə apardığı müəyyənləşdirilib.

Ünvan dəqiqləşdirildikdən sonra həmin ərazidə xidmət aparan Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları ilə birgə davam etdirilən tədbirlərlə həmin mənzilə baxış keçirilərkən orada olan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Qarayev və Tovuz rayon sakini Rövşən Rüstəmov şübhəli şəxs qismində saxlanılıblar.

Mənzildə olan mağazadan oğurlanmış geyim əşyaları isə maddi sübut kimi götürülüb.

Ətraflarında aparılan tədbirlərlə onlar həmin ərazidə 4 gün əvvəldən müşahidə apardıqlarını, nəzarət kameraları olmadığından məhz həmin mağazanı hədəf götürdüklərini etiraf ediblər.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq aparılır.


Müəllif: Hacı Zeynalov