Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Şuşadan olan məcburi köçkünlər ifadə veriblər.
Onlar Lapşinin Qarabağa səfərini pisləyiblər.
Şuşa şəhərindən məcburi köçkün olan Eyyub Əbdüləzimov bildirib ki, Şuşanın Şirlan kəndəindəndir: "Aleksandr Lapşin Qarabağa, işğal olunmuş rayonlarımıza gedib, Şuşada, Laçında, Xankindində olub. 5 il yazdığı məqalələrində Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edib. Adamdan sorumazlar ki, Dağlıq Qarabağ nə vaxtdan müstəqil olub?..
Həmin ərazilər Azərbaycanın torpaqlarıdır, ermənilər tərəfindən 25 ildir işğal altında saxlanılır. Orada bizim mülklərimiz qalıb. Ermənilər babalarımızın məzarı olan torpaqlarımızı hələ də işğal altında saxlayırlar. Lapşin ermənilərə bəraət qazandırır... Ona layiqli cəza verilməsini istəyirəm".
Eyyub Əbdüləzimov qeyd edib ki, Aleksandr Lapşin bu hərəkətləri ilə 1 milyondan çox məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtmaq ümidlərini boşa çıxarır.
Şuşada olan digər məcburi köçkün Fəxrəddin Səfərov da ifadəsində Aleksandr Lapşinin Dağlıq Qarabağa səfərini pisləyib: "Babamın babası da Şuşada doğulub. Bu yerlər əzəli Azərbaycan torpağıdır. Mətbuatdan bilirdim ki, Lapşin Azərbaycanın əleyhinə danışır. Mən Qarabağda döyüşmüşəm. Orada ermənilər 6 yaşında qıza təcavüz ediblər. Lapşin isə işğalçıları, təcavüzkarları müdafiə edərək, bizim haqqımızı pozur. Buna görə əməlini etiraf etməlidir".
Növbəti proses iyulun 6-da davam edəcək.
Məhkəmədə məlum olub ki, İsrailin Azərbaycandakı səfirliyi istintaq təcridxanasında Aleksandr Lapşinlə görüşməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə səfirliyin müraciətinə müsbət cavab verib. Səfirliyin nümayəndəsi istintaq təcridxanasında Aleksandr Lapşin lə görüşəcək.
İttihama görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Alenksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.
O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Alenksandr Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.
Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilib ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək, Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən Alenksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülüb.
Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub.
Aleksandr Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də Alenksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.