4 İyul 2017 16:13
1 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə qəza zamanı zərərçəkmiş tələbələr və dünyasını dəyişən tələbələrdən birinin valideyni ilk dəfə məhkəmədə iştirak edib.

Qəza zamanı dünyasını dəyişən İbrahim Quliyevin atası Vüqar Quliyev məhkəmədə deyib ki, hadisədən əvvəl sürücünü tanımayıb. Qəzadan sonra xəstəxanaya gəlib.

O, sürücünün 6 ailənin həyatını məhv etdiyini deyib. O, məhkəmədə özünü saxlaya bilməyib, göz yaşı tökərək təqsirləndirilənə üz tutub: "Ömrümə bir gün qalsa da, səni məhv edəcəm. Kasıbçılıqla övlad böyütmüşdük. Anası yataq xəstəsi olub".

Daha sonra zərərçəkmiş tələbə Amani Abbas ifadə verib.

O, sürücünü ötən ilin senttabr ayından tanıdığını və onun maşını ilə universitetə gedib-gəldiyni deyib. Hadisədən danışanda əlavə edib ki, sürücü yolda yaşıl rəngli "Ford"u sağdan ötdükdən sonra öz yoluna qayıtmaq istəyib: "Bu zaman qəza oldu. Sürət yüksək idi. Hər gün maşına 20-25 nəfər minirdik. Qəzadan sonra olanları xatırlamıram".

Amani Abbas təqsirləndirilən şəxsə qanun çəçivəsində cəza verilməsini istəyib.

Təqsirləndirilən Namiq Hüseynov zərərçəkmişə sual verib: "Mən həmişə sizə xəbərdarlıq edirdim ki, vaxtında gəlin, gecikməyək. Yolda da sakitloyə riayət edilmirdi. Sən də təsdiqləyirdin ki, bunlara söz deməyin xeyri yoxdur".

Digər zərərçəkmiş Aytən Cəfərova qəza zamanı olanları xatırlamadığını, tələb və şikayətinin olmadığını deyib. O, suallara cavabda söyləyib ki, maşına minən sərnişinlərin sayı çox olub, onların bir hissəsi ayaq üstə gedirmiş.

Namiq Hüseynov yaranan suallara cavabda bildirib ki, "Ford" 14 nəfərlikdir, amma əlavə oturacaqlar quraşdırılıb: "Bəzi tələbələr boş yer olanda da oturmurdular. Söhbət edə-edə ayaq üstə gedirdilər. Nə yalan deyim, necə olanları boynumdan atım?"

Namiq Hüseynov sərnişin birini 60 qəpiyə apardığını söyləyib.

Zərərçəkmiş tələbələrdən Emin Həmidov təqsirləndirilən şəxsə sual verib: "Sən bizə dedin ki, tez gedək, bir nəfər yol polisi var, onun vaxtına düşməyək. Həm də deyirdi ki, çox adam götürsəm də, cəriməsini ödəyirəm. Özü deyirdi ki, ayda 200 manat ödəyir".

Sürücü Namiq Hüseynov artıq sərnişinə görə Nəqliyyat Departamentinə ayda 200 manat cərimə ödədiyini bildirib.

Emin Həmidov ifadəsində barışıq üçün ona müraciət edildiyini, amma şikayətçi olduğunu və sürücüyə ədalətli cəza verilməsini istədiyini qeyd edib.

Daha sonra ifadə verən zərərçəkmiş tələbə Xavər Fərzəliyeva 3 ildir eyni yolu getdiyini və həmin gün də maşında dərs oxuduğunu deyib: "Maşının sürətli getdiyini bilmirdim. Maşının silkələndiyini gördüm. Qızların qışqırığını eşitdim. Sonra gözümü xəstəxanada açdım".

O da şikayət və tələbinin olmadığını bildirib.

Prosesdə Namiq Hüseynovun vəkili Şirin Atayev başqa məhkəmə iclasına getməli olduğu üçün hakimdən icazə istəyib. Hakim icazə verməyib.

Namiq Hüseynov isə vəkilindən imtina etdiyini deyib: "Mənimlə görüşməsini istədim, gəlmədi. Ötən prosesdə də "yatmışdı". Mən qəza törətmişəm, cəzasını da çəkəcəm. Bəs, siz necə vəkilsiniz və məni necə müdafiə edirsiz? Vicdanınız qarşısında cavab verəcəksiniz. Mən bu vəkildən imtina edidəm".

Bu zaman vəkil təqsirləndirilən şəxsi müdafiə etmək istəmədiyini deyib. Hakim tərəflərin tələbini nəzərə almayıb.

İttihama görə, bu ilin martın 9-da Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Rəşad Canıyev, Roza Muradova, Lalə Nəsirzadə və Çinarə Quliyevadır.

Hadisədən sonra aparılan araşdırmalar nəticəsində mikroavtobusun sürücüsü Namiq Hüseynov həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov