Sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə Dünyamin Xəlilov son söz deyib.
O, günahının olmadığını bildirib: “2007-2008-ci illərdə bankın rəhbərliyi layihələr həyata keçirilməsi barədə qərar çıxarmışdı. Xarici ölkələrdə bir neçə layihələrə vəsatlər qoyuldu. İzahatlardan aydın görünür ki, biz bunları həyata keçirə bilməzdik. Bu, bankın öz təşəbbüsüdür. Həmin pullar birbaşa bankla transfer olunub. Sənədlərdə də açıq göstərilib ki, pullar haradan götürülüb, hara göndərilib. İttiham aktında qeyd edilib ki, guya biz mütəşəkkil dəstə yaradıb bankı talamışıq. Mən təqsirləndirilən Raufu məhkəmə zalında gördüm. Həmçinin digərlərini də. İttihamda 50 milyonluq matrealların gətirilməsi qeyd edilib. Mən bununla razılaşmıram”.
Sabiq deputat barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Digər təqsirləndirilən şəxslər də son söz deyəndən sonra hakimlər müşavirə otağına yollanıblar.
Yaxın saatlarda hökm elan ediləcək.
Qeyd edək ki, prokuror Dünyamin Xəlilovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı eyni zamanda Şakir Musayevə 5 il, Ruslan Əsgərova 4 il, Seffulla Seyfullayevə 7 il 6 ay, Fərhad Əmiraslanova 7 il, Mənsur Zeynalova 7 il, Rauf Əliyevə 4 il cəza tələb edib.
İttihama görə, Dünyamin Xəlilov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.
O, "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakını qəsdlə və təkrar talayaraq mənimsəyib.
Dəstə üzvləri həmçinin "Azərbaycan Beynəlxalq Bank"ına külli miqdarda ziyan vurublar.
***
Sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin barəsində hökm elan edilib.
Məhkəmənin hökmü ilə Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Mənsur Zeynalov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib.
Şakir Musayev, Rauf Əliyev və Ruslan Əsgərov 4 il müddətinə şərti cəza alıb.