6 May 11:26
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Sümbülə Əliyevanın yeni vəkillə müqavilə bağladığı məlum olub.

Hakim deyib ki, vəkil Sevil Səlimova Sümbülə Əliyevanın hüquqlarını müdafiə etmək üçün onunla müqavilə bağlayıb. Hakim deyib ki, bundan əvvəl Sümbülə Əliyevanın hüquqlarını dövlət hesabına təyin olunmuş Əbil Həsənov müdafiə edib. Hakim təqsirləndirilən şəxsin yeni vəkillə müqavilə bağladığını əsas gətirərək dövlət hesabına təyin olunmuş vəkil Əbil Həsənovun fəaliyyətinə xitam verilməsini təklif edib.

Prokuror Ziya Mansurov məsələni məhkəmənin mülahizəsinə verdiyini deyib. Sevil Səlimova bildirib ki, Əbil Həsənovun da prosesdə iştirak etməsini istəyib. Sümbülə Əliyeva isə deyib ki, Əbil Həsənovla da müqavilə bağlayacaq.

Buna görə də hakimlər vəkillərlə bağlı məsələdə müzakirəni növbəti iclasa saxlayıblar.

Sevil Səlimova işlə tanış olmağa vaxt istəyib. Bu səbəbdən növbəti proses mayın 20-ə təyin edilib.

Sümbülə Əliyeva xəstə olduğunu deyib. Bildirib ki, səhhətində ciddi problemlər var. O, astma xəstəliyindən əziyyət çəkdiyini deyib. Hakim isə prosesi bağladığını, bu məsələ ilə bağlı növbəti iclasda müzakirə aparılacağını deyib.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.

Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir.

İstintaq orqanı tərəfindən Sünbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.


Müəllif: Hacı Zeynalov