1 Avqust 2017 13:46
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən şirkət direktoruna hökm oxunub.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbas Hacıyevin cinayət işu üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən Abbas Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Abbas Hacıyev "Əzizbəy-KM" MMC-nin direktoru olub. O, mənzilləri bir neçə nəfərə satmaqda təqdirləndirilərək həbs edilib.

MMC direktorundan Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Südabə Səmədova Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə şikayət edib. O, şirkətin direktoru Abbas Hacıyevə mənzil almaq üçün 36 min manat verdiyini bildirib.

Lakin bir müddət sonra məlum olub ki, ona veriləcəyi deyilən mənzilin daha bir neçə "sahibi" var. Eyni mənzil bir neçə adama satılıb.

Onu da əlavə edək ki, şirkətin Abbas Hacıyevdən əvvəlki rəhbər şəxsləri də eyni ittihamla həbs edilib. 2014-cü ildə MMC-nin təsisçisi Fuad Mirzəyevlə qurumun direktoru Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satdıqları üçün tutulublar.

Ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirli bilinərək məhkəmənin hökmü ilə onların hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər