Dələduzluqda təqsirləndirilən 1979-cu il təvəllüdlü Nüşabə Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Nüşabə Bağırovanın daha əvvəllər də dələduzluq ittihamı ilə məhkumluq həyatı yaşayıb.
Məhkəmədə məlum olub ki, təqdirləndirilən şəxs cinayət işi materialları ilə tanış olmayıb. Ali təhsilli hüquqşünas olduğunu deyən Nüşabə Bağırova istintaq dövründə müdafiə hüquqlarının pozulduğunu bildirib.
O, qeyd edib ki, hüquq şirkəti olub, Vergilər Nazirliyində qeydiyyatdan keçib, qanunla nəzərdə tutulmuş şəkildə fəaliyyət göstərib: “Fəaliyyətimlə bağlı rəsmi sənədləri məhkəməyə təqdim edə bilərəm. İstintaq dövründə müdafiə hüquqlarım pozulub. Mən həbsdə olduğum halda müdafiəçi ilə təmin edilmədim. Müstəntiq sonuncu dəfə Kürdəxanıya mənimlə görüşə gələndə vəkil gətirmişdi. Mən də imtina etdim, öz vəkilimin işə qoşulmasını istədim. Amma mənim xəbərim olmadan iş yekunlaşdırılıb və məhkəməyə göndərilib”.
Təqsirləndirilən qeyd edib ki, barəsində əvvəlki cinayət işinə də eyni müstəntiq baxıb: “Sumqayıt şəhər Polis İdarəsində işimə eyni müstəntiq baxıb. Məhkəmə birinci işdə həmin müstəntiq barəsində xüsusi qərardad çıxardı, müstəntiqə töhmət verildi. O zaman da müdafiə hüququm pozulmuşdu, bu dəfə də pozulub. Məhkəmədən xahiş edirəm ki, bu işə ədalətli baxılsın”.
Məhkəmə təqsirləndirilən şəxsin vəsatətini qəbul edib, iddialarını araşdırmaq üçün hazırlıq iclasını təxirə salıb.
Növbəti proses sentyabrın 5-də davam edəcək.
Nüşabə Bağırova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.
İttihama görə, özünü hüquqşünas kimi təqdim edən Nüşabə Bağırov vətəndaşlara qarşı dələduzluq edib. O, bir neçə nəfərdən hüquqi yardım göstərmək adı ilə pul alıb və həmin pulları ələ keçirib.