8 Sentyabr 2017 17:04
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda məcburi köçkünlərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Rabil Rəhimov və Şəfayət İsmayılovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Rabil Rəhimov və Şəfayət İsmayılov məcburi köçkünlərdən külli miqdarda pul alıblar. Hər iki şəxs Abşeron rayonunda qaçqın və məcburi köçkünlər üçün tikilən binalardan bir neçə vətəndaşa ev satacaqlarını vəd edərək onlara qarşı dələduzluq ediblər.

İttihama görə, onlar Zülfiyyə Hüseynovadan 5400, Etibar Əliyevdən 4000, Tehran Məmmədovdan 6000, Bəxtiyar Əzizovdan 4000, Nazilə Ağayevadan 2000, Səyyarə Çələbiyevadan 6000, Sevil Emilovadan 7000, Səməd Əbilovdan 3500, Kəmalə Quliyevadan 16000, Ləman Əliyevadan 15000, Şahin Abdullayevdən 8030, Rafiq Cəfərovdan 13600, Cabir Məmmədovdan 8000, Ceyhun Qurbanovdan 45000 manat alıblar.

Məlum olub ki, təqsirləndirilən şəxslər pullarını ələ keçirdikləri şəxsləri Abşeron rayonunda qaçqın və məcburi köçkünlər üçün tikilmiş binalara apararaq mənzilləri göstəriblər. Zərərçəkmişlərə mənzillərin açarlarını da veriblər.

Rabil Rəhimov və Şəfayət İsmayılov onlara satacaqları evlərlə bağlı sənədlər də imzalatdırıblar. Sonradan zərərçəkmişlərin aldadıldığı üzə çıxıb və bundan sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Müraciət əsasında hər iki təqsirləndirilən şəxs həbs edilib.

Təqsirləndirilən hər ikisi də məcburi köçkündür.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Prokurorun çıxışından sonra söz alan təqsirləndirilən şəxslər elan elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Amma bəzi epizodlar üzrə pulun məbləğlərinin düzgün olmadığını deyiblər.

Onlar zərərçəkmişlərdən ittihamda göstərilən qədər pul almadıqlarını söyləyiblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər