15 Noyabr 2017 16:29
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən Real Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Sumqayıt şəhər Məhkəməsində hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində Sumqayıt şəhər Məhkəmə Tibb Ekspertizasının eksperti Mənsur Məmmədov ifadə verib.

O bildirib ki, uşağın ekspertizaya təqdim edilən xəstəlik tarixçəsi sonradan saxtalaşdırılıb. Onun sözlərinə görə, xəstəlik tarixçəsi meyitlə birlikdə ekspertizaya təqdim edilib: “Həmin vaxt xəstəlik tarixçəsində uşağın əməliyyat zamanı halının pisləşməsilə bağlı heç bir qeyd göstərilməyib. Tarixçədə göstərilmişdi ki, uşaq əməliyyata hazırlanarkən norma, əməliyyatdan sonra xəstəliyin ağırlıq dərəcəsinə uyğun olub. Xəstəlik tarixçəsi bir aya yaxın ekspertizada qalıb”.

Mənsur Məmmədovun sözlərinə görə, xəstəlik tarixçəsində göstərilən qeydləri komissiya öz rəyində yazıb: “Amma sonradan rəyə müstəntiq əlavələr edib”.

Prosesdə çıxış edən təqsirləndirilən şəxs İsmayıl Qəmbərovun vəkili Əli Hüseynov vəsatət verib. O, təkrar ekspertizanın keçirilməsini istəyib. Məhkəmə növbəti prosesdə vəsatətə münasibət bildirəcək.

Növbəti proses noyabrın 16-da davam edəcək.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki Real Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub.

Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Real Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər