Bakıda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azərbaycan Hava Yolları QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam edib.
Teleqraf.com xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qəza zamanı ağır xəsarət alaraq vəfat etmiş Əli Əliyevin hüquqi varisi, jurnalist İmdad Əlizadə üç hissəli vəsatətlə çıxış edib.
Jurnalist əvvəlcə təqsirləndirilən Seymur Qarayev barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. O, vəsatəti belə əsaslandırıb ki, Seymur Qarayev azadlıqda qaldığı halda gələcəkdə məhkəmənin qərarını icra etməkdən boyun qaçıra bilər.
İmdad Əlizadə həmçinin Seymur Qarayevin istifadə etdiyi mobil telefon operatoruna sorğu göndərilməsini istəyib: “İndiki halıda təqsirləndirilən şəxsin həmin vaxt narkotik maddələrin təsiri altında olub-olmamasını, yaxud spirtli içki qəbul edib-etməməsini müəyyənləşdirmək mümkün deyil. Çünki hadisədən 1 il 10 aydan çox vaxt ötüb.
Ona görə də məhkəmədən xahiş edirəm ki, qəzanın baş verdiyi ərazinin 2016-cı ilin fevral ayının 14-ü səhər saatlarına olan lokasiyasının çıxarılması üçün mobil operatorlara sorğu göndərilsin. Əgər ərazinin lokasiyası əldə olunsa, Seymur Qarayevin qəza baş verən zaman telefonla danışıb-danışmadığını müəyyənləşdirmək mümkün olar. Biz bilmək istəyirik ki, hadisə baş verən zaman Seymur Qarayev telefonla danışırdı, ya yox”.
Jurnalist daha sonra Seymur Qarayevin gözünün zəif olması ilə bağlı ekspertiza təyin edilməsini istəyib. O bildirib ki, Seymur Qarayev eynəkdən istifadə edir: “Həmçinin onun sürücülük vəsiqəsi də var. Düşünürük ki, o, sürücülük vəsiqəsi alan zaman dövlət orqanlarını aldadıb. Məhkəmədən xahiş edirik ki, Seymur Quliyevin görmə qabiliyyətinin gecə, havanın qaranlıq olduğu zaman avtomobil sürməsinə imkan verib-vermədiyini müəyyənləşdirmək üçün ekpertiza təyin edilsin”.
Bu zaman təqsirləndirilən şəxsin vəkili Mirzəmmət Rəhimov yerindən İmdad Əlizadənin vəsatətlərinə gülərək cavab verib. O, zərərçəkmişin hüquqi varisinin dediklərini “nağıl” adlandırıb. Zərəçəkmişin hüquqi varisi buna etiraz edib, vəkili müdafiə işini qanunlar və etik qaydalar çərçivəsində aparmağa dəvət edib.
Dövlət ittihamçısı isə Seymur Qarayevin barəsində ekspertizanın keçirilməsi, mobil telefon operatoruna sorğu göndərilməsi barədə vəsatətlərin təmin edilməməsini, həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti məhkəmənin mülahizəsinə buraxılmasını istəyib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Sərbəst ifadə verən İmdad Əlizadə bildirib ki, atası avtomobillə vurulan günü İsmayıllı rayonunda yaşayan qohumlarının yas mərasiminə getməli imiş və səhər saatlarında bununla bağlı evdən çıxıb: “Həmin gün saat 9 radələrində qohumumuz Əfqan Həsənov mənə zəng etdi, məlum oldu ki, atamın telefonuna zəng çatmır. Sonra atamı axtarmağa başladıq”.
Jurnalist daha sonra ifadəsində atasının avtomobillə vurulması hadisəsindən necə xəbər tutduqlarını, atası Əli Əliyevin 4 xəstəxanada - 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”), Mərkəzi Klinik Xəstəxana, “Avrasiya” Hospital, Bakı Sağlamlıq Mərkəzində ümumilikdə 504 gün koma vəziyyətində müalicə olunduğunu, xəstəxana xərclərini ödəmək sahəsində üzləşdikləri çətinliklərdən danışıb.
İmdad Əlizadə qeyd edib ki, məcburi köçkün ailəsi olduqlarına görə özəl xəstəxanaların xərclərini yalnız xeyirxah insanların, dostların, yaxınların köməyi ilə ödəyə biliblər. Onun sözlərinə görə, müalicəyə kömək məqsədi ilə 2 dəfə atasının “54 gün erməni mühasirəsində” kitabının satış aksiyasını keçiriblər.
İmdad Əlizadə qeyd edib ki, yol-nəqliyyat hadisəsindən sonra təqsirləndirilən Seymur Qarayev onu aldadıb, xəstəxanalara xərclənmiş 166 min 531 manatın yalnız 4 min manatını ona verib: “Seymur Qarayev məni dəfələrlə aldatdı ki, gəlirəm, pul verəcəm. Lakin həmin vədlərinə indiyə qədər də əməl etməyib. Hətta dostlar və qohumlar buna görə bu gün də məni qınayırlar. Onlar bildirirdilər ki, sən niyə Seymur Qarayevlə yumşaq davranırsan? Seymur Qarayev mənim onunla yumşaq davranmağımdan istifadə edib, indi də edir. Mənim bu günə qədər “Avrasiya” Hospitalına 11 min 270 manat borcum qalıb. Həmin borcların yaranmasına Seymur Qarayev səbəb olub. Çünkü mənə hər dəfə deyirdi ki, pulu gətirirəm, yoldayam. Amma hər dəfə yalançı çıxırdı”.
Jurnalistin sözlərinə görə, təqsirləndirilən şəxsə qarşı 166 min 531 manat mülki iddia qaldırıb. O, xəstəxanalara ödənilmiş məbləğlərin qəbzlərini məhkəməyə təqdim edib.
Təqsirləndirilən şəxsin müdafiəçisi mülki iddianı qəbul etmədiklərini deyib.
Növbəti proses dekabrın 20-də davam edəcək.
İttihama görə, Seymur Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “GAC MİNİK” markalı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun Z.Bünyadov prospekti 70A saylı ünvanın qarşısına düşən hissəsində yol hərəkəti qaydasını pozub.
Nəticədə piyadalar Əli Əliyev və Əliəskər Talıbovu vurub.
Baş verən qəza nəticəsində Əliəskər Talıbov tibbi yardım alıb, Əli Əliyevə isə uzun müddət tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"da müalicə alıb.
Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardandır. 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir.
Əli Əliyev altı övlad böyüdüb, tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.