12 Dekabr 2017 19:58
4 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən adam öldürməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Cavid Əbdülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

İttihama görə, bu il iyulun 16-da saat 11 radələrində Suraxanı rayon sakini, 1987-ci il təvəllüdlü Vasif Ağammədov aldığı bıçaq xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölüb.

Cinayəti Suraxanı rayon sakini Cavid Əbdülməmmədovun qısqanclıq zəminində törətdiyi məlum olub. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Məlum olub ki, Cavid Əbdülməmmədov xanımı ilə birlikdə Sabirabadda toydan qayıdarkən Vasif Ağammədovun idarə etdiyi taksiyə minib. Maşında olarkən Vasif Ağammədov Cavid Əbdülməmmədovun arxa oturacaqda əyləşən xanımına baxıb. Daha sonra isə telefonda nömrəsini xanıma göstərib.

Cavid Əbdülməmmədov buna görə sürücüyə iradını bildirib və arxaya çox baxmamasını məsləhət görüb.

Amma taksi sürücüsü bu xəbərdarlığa ciddi yanaşmayıb. İçkili olan Cavid Əbdülməmmədov maşından düşərkən sürücüdən harada qaldığını soruşub. Səhər də onunla görüşə gəlib.

Cavid Əbdülməmmədov orada qətli törədib və könüllü olaraq polisə təslim olub.

Cavid Əbdülməmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Prokuror bildirib ki, Cavid Əbdülməmmədov heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə adam öldürüb. Qeyd edib ki, onun əməli məhkəmə istintaqı və ibtidai istintaq zamanı sübuta yetirilib.

Dövlət ittihamçısı çıxışının sonunda Cavid Əbdülməmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Daha sonra çıxış edən mərhum Vasif Ağammədovun xanımı təqsirləndirilən şəxsə daha ağır cəza, 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Cavid Əbdülməmmədovun vəkili çıxış edib. O, müvəkkilinin daha yüngül cəza ilə cəzalandırılmasını xahiş edib. Bildirib ki, müvəkkili cinayəti qısqanclıq zəminində törədib.
Məhkəmə təqsirləndirilən şəxsə söz versə də, o, çıxışa hazır olmadığını, məhkəmədən çıxışa hazırlaşmaq üçünvaxt verməsini istəyib.
Növbəti proses dekabrın 14-də davam eədəcək.

Qeyd edək ki, qətlə yetirilən Vasif Ağaməmmədov evli olub, üç azyaşlı övladı var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər