Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə qətlə yetirilən iş adamı İlqar Məmmədovun həyat yoldaşı Aygün Məmmədova ifadə verib.
O bildirib ki, qətldə Vüsal Rüstəmovun atası Arif Rüstəmov da günahkardır: “Onlar birlikdə plan qurublar, aylarla bu cinayəti törətməyi planlaşdırıblar. Qətldə bu üç nəfər də iştirak edib. Qalib isə qətli boynuna götürür. Vüsalın atası Arif Rüstəmovun səsyazısı da var. Həmin səsyazısında Arif deyir ki, Qalib cinayəti öz boynuna götürsün. Bu ittihamla əvvəl razılaşmasa da, sonra məhkəmədə bu qərara gəldilər. Qalib indi cinayəti tək törətdiyini deyir”.
Aygün Məmmədovanın sözlərinə görə, 10 il ərzində fasilələrlə evlərindən oğurluq olub: “Amma həyat yoldaşım heç zaman polisə məlumat verməyib: "Deyirdi ki, canımız sağ olsun, sağıq, yenə də qazanarıq. Problem olmasın deyə şikayət etmirdi”.
Mərhumun həyat yoldaşı qeyd edib ki, Vüsalgilin apardığı pulun 400 mini Larisa adlı qadında, 800 mini isə Arif Rüstəmovdadır, qalan hissə Vüsalın qətli törədən dostlarındadır. O bildirib ki, oğurluq edilən zaman evdə 3 milyon dollar olub: “Amma həmin məbləğin varlığını sübut edə bilməyəcəyim üçün 1,5 milyon dollar demişəm. Həmin pulu ərim bir müddət əvvəl yığmışdı. Manatlarını dəyişirdi. Dolların bahalaşacağını deyirdi. Ona görə də pulu dollarla yığırdı”.
Müdafiə tərəfi isə bildirib ki, məhkəməyə təqdim edilən 1,5 milyon dollarlıq mülki iddianı sübut edə biləcək dəlillər yoxdur və sadəcə olaraq iddiadır.
Aygün Məmmədova qeyd edib ki, mülki iddiasının təmin olunmasını tələb edir: “Mən onlara indi də deyirəm ki, əgər qaytara bilirlərsə, uşaqlarımın atasını qaytarsınlar. Tələbim onlara ömürlük cəza verilməsidir. Pulu da ona görə tələb edirəm ki, uşaqlarımın haqqıdır. Pulun hamısını uşaqlarıma xərcləyəcəm. Xeyriyyə işlərinə sərf edəcəm”.
Növbəti proses yanvarın 8-də davam edəcək.
İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradıb və Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girib, onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar.
Bundan başqa, dəstə üzvləri əvvəlcədən hazırladıqları plan üzrə İlqar Məmmədovun topdansatış mərkəzinə daxil olublar. Orada İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızıl-zinət əşyaları götürüblər.
Qətlə yetirilən İlqar Məmmədov Xaçmazda ticarət mallarının topdan satışı ilə məşğul olan biznesmen kimi tanınıb.