Xırdalan şəhərində törədilən qətlin bəzi detalları məlum olub.
Teleqraf.com xəbər verir ki, 20 Yanvar küçəsində 1986-cı il təvəllüdlü Elgün Ağahəsənov həyat yoldaşı, 1994-cü il təvəllüdlü Axirə Nadirovanı bıçaqlayaraq öldürüb.
Cinayəti törədən Elgün Ağahəsənov həbs edilib.
Məlum olub ki, Elgün Ağahəsənov arvadını qısqanclıq zəminində qətləyetirib.
İlkin istintaqa ifadə verən Elgün Ağahəsənov törətdiyi cinayəti etiraf edib. O bildirib ki, arvadının başqa kişi ilə münasibət qurmasından şübhələnib.
Onun sözlərinə görə, Axirə Nadirova son vaxtlar onunla ər-arvad kimi davranmayıb: “Həmişə mübahisə edirdik. Mübahisə zamanı Axirə deyirdi ki, səndən boşanacam, başqası ilə ailə quracam”.
Sonuncu dəfə də Axirə Nadirovanın boşanma ərizəsi ilə məhkəməyə müraciət etdiyini eşidən Elgün Həsənov evə gəlib. Evdə Axirə Nadirovanın cehizlərini yığışdıraraq getmək istədiyini görüb.
Bu zaman ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onunla yaşamaq istəmədiyini deyib.
Belə olan halda Elgün arvadının başqa bir kişi ilə münasibət quracağı qənatəninə gəlib. O, stolun üstündə olan bıçağı götürərək arvadının ürək nahiyəsindən vurub.
Qadının öldüyünə əmin olan Elgün Abşeron rayon Polis İdarəsinə gələrək təslim olub.
Elgün Ağahəsənov törətdiyi əməldən peşman olmadığını deyib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.