12 Yanvar 2018 12:18
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vətəndaşı qanunsuz azadlıqdan məhrum etməkdə və dələduzluqda təqsirli bilinən Çingiz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili vaxt istəyib.

O bildirib ki, zərərçəkmiş Tofiq Zülfüqarovla razılaşmaq niyyətindədirlər: “Xahiş edirəm, bizə vaxt verin. Mən işlə təzə tanış olmuşam. Müvəkkilimin yaxınları da zərərçəkmişlə danışacaq”.

Növbəti proses yanvarın 26-na təyin edilib.

Qeyd edək ki, Çingiz Abdullayev Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham edilir.

İttiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı sakini Tofiq Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyini bildirib.

Həyata keçirilən tədbirlər nəticəsində Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Nurlan Bayramov, Gəray Abdulov və Tural Qasımov saxlanılıb.

Həmin şəxslər CM-nin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170. 3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Loğman Abdullayev 18 il, Pərviz Rzayev 16 il, Emin Qasımov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Ruslan Hacıyev, Fərhad Tağıyev Tural Babazadə və Gəray Abdullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, onlara şərti cəza verilib.

Cinayətin iştirakçısı olmuş Loğman Abdullayevin atası Çingiz Abdullayev səhhəti ilə bağlı ölkə xaricində olduğu üçün onun barəsində axtarış elan edilib.

Sonradan həbs olunan Çingiz Abdullayev məhkəmə qarşısına çıxarılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər