Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılması barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət daxil olub.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi tərəfindən aparılan araşdırmalarla Abşeron rayon sakini Fuad Əliyevə məxsus “VAZ-21099” markalı avtomobilin gecə saat 3 radələrində Lökbatan qəsəbəsi ərazisində qaçırıldığı məlum olub.
Avtomobil qısa vaxtda Salyan rayonunun Yenikənd kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və 10-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Avtomobili qaçıranın arvadı və 5 övladı da maşında olub.
Araşdırma nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin əvvəllər analoji cinayət törətdiyinə görə məhkum olunmuş Vüsal Həsənov olduğu aydınlaşdırılıb.
Lökbatan qəsəbəsindəki kafelərdən birində işləyən avtomobil sahibi həmin vaxt maşını qızdırmaq üçün işlək vəziyyətdə saxlayaraq geyinmək üçün kafeyə girib.
Gecə vaxtı getmək üçün maşın tapmayan Vüsal Həsənov maşını qaçıraraq ailə üzvlərini də götürüb Salyan rayonuna hüzr yerinə yollanıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanıb.