Abşeron rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Ceyranbatan qəsəbəsi Nərimanov küçəsində gecə saat 01 radələrində 36 yaşlı Könül Sahibovanın yaşadığı evə iki nəfər maskalı şəxs basqın edib.
Qadının evdə tək olmasından istifadə edən həmin şəxslər ikinci mərtəbənin pəncərəsindən mənzilə daxil olub və ona hücum ediblər.
Onlar zor tətbiq etməklə Könül Sahibovanın əl və ayaqlarını bağlayıb, həmçinin ağzına yapışqanlı lent yapışdırıblar.
Bıçaqla hədə-qorxu gələn, pul və qızıl tələb edən naməlum şəxslər mənzildən 50 manat və dəyəri 300 manat olan qızıl sırğaları götürərək qaçıblar.
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ceyranbatan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Elnur Axundov və Rafiq Ağayev saxlanılıblar.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.