9 Mart 2018 16:23
1 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda 8 il əvvəl 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Türkiyə vətəndaşı, 34 yaşlı Yazıçı Yakup Zulkif oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, yol-nəqliyyat hadisəsi 2011-ci il noyabrın 30-da Bakı-Qazax yolunun 450-ci kilometrliyində qeydə alınıb. Ağstafa rayon Qırılı kənd sakini, 44 yaşlı Xaliq Aslanovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil Türkiyə Respublikası Hopa şəhəri Başoba kənd sakini, 34 yaşlı Yazıçı Yakupun idarə etdiyi “Mercedes-Benz” markalı TIR yük avtomobili ilə toqquşub.

Nəticədə “VAZ-21011” markalı avtomobildə olan bir ailənin 6 üzvü - sürücü Xaliq Aslanov, 1929-cu il təvəllüdlü Gülüzar Aslanova, 1958-ci il təvəllüdlü Elza Aslanova, 2000-ci il təvəllüdlü Mətanət Aslanova, 2004-cü il təvəllüdlü Emin Aslanov, 2009-cu il təvəllüdlü Teymur Aslanov hadisə yerində ölüblər.

Avtomobildə olan digər sərnişinlər - 1981-ci il təvəllüdlü Xatirə Aslanova və 1986-cı il təvəllüdlü Aynur Aslanova müxtəlif xəsarətlərlə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki yaralıya tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub.

İstintaq araşdırması zamanı qəzanın törədilməsində Yazıçı Yakup təqsirli bilinib və ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elan edilib.

Lakin Yazıçı Yakup istintaq orqanından qaçıb gizləndiyi üçün həmin dövrdə onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmayıb.

Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşları 2015-ci ildə Yazıçı Yakupun barəsində İnterpol vasitəsi ilə axtarış elan edib. O, ötən il ölkə hüdudlarından kənarda həbs olunaraq Azərbaycana gətirilib.

İttihama münasibət bildirən Yazıçı Yakup özünü qismən təqsirli bilib.

Növbəti proses martın 15-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər