Bakıda məscidin həyətində tanışını bıçaqlamaqda təqsirli bilinən 1957-ci il təvəllüdlü Faiq Davudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesin əvvəlində təqsirləndirilən şəxs barəsində ittiham açıqlanıb.
İttihama görə, qanlı cinayət hadisəsi Bülbülə qəsəbəsində yerləşən Cümə məscidinin həyətində baş verib.
Faiq Davudov 1953-cü il təvəllüdlü həyat yoldaşı Fəridə Davudovanın 1994-cü il təvəllüdlü tanışı Kamran Məmmədovla münasibətindən şübhələnib. Bu səbəbdən o, Kamran Məmmədovu məscidin həyətində kürəyindən bıçaqlayıb.
Cinayət işinin sənədlərində olan ekspertin rəyinə görə, Faiq Davudov hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub. Məhkəmədə ifadə verən Faiq Davudov özünü təqsirli bilib: “Kamranı vurmuşam, cinayətlə məşğul idi. Papaq söhbətidir, namus məsələsidir”. Fəridə Davudova isə ifadəsində bildirib ki, Kamran Məmmədovla arasında hər hansı münasibət olmayıb.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Kamran Məmmədovun sözlərinə görə, internatda böyüyüb və hadisə baş verən məsciddə xidmətçi işləyib: “Anam rəhmətə gedib, atam həbs olunub. Faiqi oğlu Salehə görə bağışlayıram. O mənə çörək verib”.
Faiq Davudovun oğlu, məscidin axundu Saleh Davudov ifadəsində bildirib ki, hadisəni görməsə də, sonradan kameradan video görüntülərə baxıb: “Atam qəfildən Kamranı bıçaqladı. O, ruhi xəstədir, evdə müalicə olunurdu, yaşlı olduğu üçün xəstəxanaya aparmadıq”.
Daha sonra hakim bildirib ki, Faiq Davudov axırıncı dəfə 10 il əvvəl xəstəxana şəraitində müalicə olunub. Həmin zaman ekspert onun cəmiyyət üçün təhlükəli olması barədə rəy verib.
Şahidlər ifadə verdikdən sonra istintaq tamamlanıb. Prokuror çıxış edərək, təqsirləndirilən şəxsin cinayəti anlaqsız vəziyyətdə törətdiyini deyib.
Məhkəmə kollegiyasının qərarı ilə Faiq Davudovun cinayəti törədərkən anlaqsız olması qənaətinə gəlinib.Onun psixoloji müalicə alması üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə qərar qəbul edilib.