25 Aprel 2018 12:05
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq polis rəisi Müşfiq Mədətov və Səbail rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Orxan Axundzadəni öldürməyə cəhddə təqsirləndirilən 1992-ci il təvəllüdlü Kazım Abbasov, 1982-ci il təvəllüdlü Məhəmməd İsmayılov və 1976-cı il təvəllüdlü Emin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Naxçıvanda anadan olan orta təhsilli, subay Məhəmməd İsmayılov əvvəllər xuliqanlıqda ittiham edilərək məhkum olunub.

Ordubad rayonunda anadan olan digər təqsirləndirilən Kazım Abbasov ali təhsillidir, həm də subaydır.

Emin Həsənov da Naxçıvanda anadan olub, evlidir, himayəsində azyaşlı uşaqları var, “Baghlan Group” şirkətində mühafizəçisi işləyib.

Cinayət işi üzrə tanınan 6 nəfər zərərçəkmişin prosesdə iştirak etmədiyi məlum olub. Tərəflər onların prosesdə iştirak etməməsinə etiraz etməyiblər.

Tərəflərin razılığı ilə cinayət işi məhkəmə baxışına qəbul edilib.

Növbəti proses mayın 2-də davam edəcək.

İttihama görə, ötən il oktyabrın 14-də saat 19 radələrində Səbail rayonu, Ş.Şamil küçəsi, 16 ünvanında yerləşən çay evində naməlum şəxslər sabiq polis rəisi Müşfiq Mədətova qarşı xuliqanlıq hərəkətləri ediblər, ictimai qaydanı kobud surətdə pozaraq sonuncuya bıçağın dəstəyi ilə xəsarət yetiriblər.

Oktyabrın 15-də, saat 4.00-da Müşfiq Mədətova qarşı xuliqanlıq əməli ilə bağlı Səbail rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçirib. Bu zaman Bakı şəhəri Nizami rayonu ərazisində “Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polislərə atəş açıb.

Nəticədə Səbail rayon Polis İdarəsi əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Orxan Axundzadə xəsarət alıb. Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.

Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlərin - 1992-ci il təvəllüdlü Kazım Abbasov, əvvəllər məhkum olunmuşlar - 1982-ci il təvəllüdlü Məhəmməd İsmayılov və 1976-cı il təvəllüdlü Emin Həsənov olduğu müəyyən edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 221.2.1, 221.3-cü (bir qrup şəxs tərəfindən və ya təkrar, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə ittiham edilirlər.

Qeyd edək ki, Müşfiq Mədətov 1991-ci ildən 1995-ci ilədək Azərbaycanın eks-prezidenti Heydər Əliyevin mühafizəçisi olub.

O, daha sonra Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb. Daha sonra həbs edilib və 11 il müddətə azadlıqdan məhrum olunub. Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər