3 İyul 2018 13:25
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə və narkotik sifariş vermkədə təqsirli bilinən İbrahim Əhmədov, Aynur Abdullayeva və Xalidə Ağayevanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiqin təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutan prosesdə təqdimat təmin edilib.

Məhkəmənin qərarı ilə İbrahim Əhmədovun, Aynur Abdullayevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Astara rayonu ərazisində keçirdikləri əməliyyat nəticəsində rayon sakini, 1998-ci il təvəllüdlü İbrahim Əhmədov 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.

Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astarada narkotik vasitəni qəbul edərək sifarişçiyə çatdırmalı olan Astara şəhər sakini, 1987-ci il təvəllüdlü Aynur Abdullayeva saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti müəyyən olunub.

İyulun 1-də əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə şəhər ərazisində narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qey­ri-qanuni dövriy­yəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuş Corat qəsəbə sakini, 1966-cı il təvəllüdlü Xalidə Ağayeva da tutulub.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər