İyulun 8-də Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi və Yalama xətt polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nazim Məmmədov həbs edilib.
Teleqraf.com xəbər verir ki, Nazim Məmmədov Xudat şəhəri ərazisində yerləşən “Topaz” məntəqəsinin xəzinəsindən gizli yolla 160 manat pul oğurlayıb.
İstintaq müəyyən edib ki, Nazim Məmmədov əvvəllər məhkum olunub.
Ətrafında aparılan tədbirlərlə onun Quba ərazisində yerləşən başqa bir “Topaz” məntəqəsindən 180 manat və Xudat şəhər ərazisində yerləşən kafelərin birindən 25 manat oğurlaması da müəyyən edilib.
Dindirilmə zamanı Nazim Məmmədov törətdiyi cinayəti etiraf edib.
Nizami Məmmədovun başqa bölgələrdə analoji cinayətləri törədib törətməməsi araşdırılır.
Onun cinayət əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin aidiyyəti üzrə rayon polis şöbəsinə müraciət etmələri xahiş olunur.