1 Avqust 2018 15:09
4 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qısqanclıq zəminində sevgilisini öldürməyə cəhddə ittiham olunan 1984-cü il təvəllüdlü Azər Əhmədovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan prosesdə istintaq orqanını təqdimatı təmin edilib.

Azər Əhmədovun barəsində həbs qətimkan tədbiri daha 2 ay müddətinə artırılıb.

İttihama görə, hadisə Nəsimi rayonu, Cavadxan küçəsi 1-də qeydə alınıb.

Azər Əhmədov kirayə yaşadığı mənzildə qeyri-rəsmi yaşadığı qadının ürək nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub. Yaralı, 1988-ci il təvəllüdlü Məhəbbət Şıxıyeva al qan içində 1 saylı şəhər xəstəxanasına çatdırılıb.Həkimlərin səyi nəticəsində 30 yaşlı qadının həyatını xilas etmək mümkün olub.

Azər Əhmədov 19-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

İlkin dindirmə zamanı Azər Əhmədov sevdiyi qadını qısqanclıq səbəbindən vurduğunu bildirib. Saxlanılanın sözlərinə görə, Məhəbbət onun məhəbbətinə xəyanət edərək başqa kişi ilə mesajlaşıb, bunu isə o tutub. Bu səbəbdən o, Məhəbbəti öldürmək niyyəti ilə bir neçə bıçaq zərbəsi vurub.

İstintaq orqanı tərəfindən Azər Əhmədova qarşı Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər