Bakıda özünü generalın qohumu kimi təqdim edərək külli miqdarda pul atan qadın həbs olunub.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi və 17-ci polis bölməsi əməkdaşları tərəfindən Mazbura Əliyeva tutulub.
Məlum olub ki, o, Vüqar Bəkirov, Zəminə Məhərrəmova, Aygün Kərimova, Elmira Məmmədova, Yeganə Tatanova, Atlas Əsədova və bir çox şəxsləri aldadıb.
Mazbura Əliyevanın zərərçəkmişlərə vurduğu ziyan 700 min manatdan çoxdur.
Zərərçəkmiş Vüqar Bəkirov Teleqraf.com-a bildirib ki, Mazbura Əliyevanı tanıyanda onun lombardı Qara Qarayev prospektində yerləşirmiş: “Biz onu əvvəlcə Nəzakət kimi tanımışıq. Sonra bilmişik ki, bunun əsil adı Əliyeva Mazbura Teymur qızıdır”.
Vüqar Bəkirov qeyd edib ki, qadınla tanış olan zaman özünü generallardan birinin yaxın adamı kimi təqdim edib: “Bildirdi ki, həmin generalın şərikiyəm, paytaxtda olan 4-5 lombard ona məxsusdur, oğlum Zaur da Mədət Quliyevin böyük oğlu ilə dostdur. Biz Mazburanın lombardına qızıl qoymuşuq, faizlə pul götürmüşük. Mən özüm qızıl da qoyub, faizə pul götürmüşəm”.
Vüqar Bəkirov qeyd edib ki, Mazbura Əliyeva ilə iş qurmaq barədə razılaşıblar: “Biz birlikdə lombard açacaqdıq. 35 ədəd iki karatlıq olan brilliant dəstini ona vermişəm. Bunun qiyməti 500 min manatdan çoxdur. Məqsədimiz pul qoyub, lombardın dövriyyəsini artırmaq və pul qazanmaq idi. Birlikdə şərik işləyəcəkdik.
Bütün qızılları bu qadına verdik, əlavə olan borclarımızı, fazilərimizi ödədik. Ödəmə etməkdə məqsədimiz isə qadının iş görən adam olmadığını başa düşməyimiz oldu. Pul və faizlərimizi ödədik ki, qızılları ondan ala bilək. Bundan sonra bizi get-gələ salmağa başladı. Qızıllarımızı geri qaytarmaqdan yayındı”.
Vüqar Bəkirov qeyd edib ki, Mazbura Əliyevanın zərərçəkmişləri aldatmaqla bağlı onlarda çoxsaylı sübutları var: “Bizdə onun səs yazıları var. Gördük ki, qızllarımızı qaytarmır, o zaman onun barəsində bu ilin fevralında Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə şikayət etdik. Qeyd etdik ki, bu qadın bizə qarşı dələduzluq edib. Bundan sonra qadın orada işi ört-basdır etdi.
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə bizdən şikayət etdi, göstərdi ki, guya biz onu aldatmışıq, biz onun pulunu yemişik. Bizi idarəyə çağırdılar, biz orada sübuta yetirdik ki, Mazbura Əliyeva bizi aldadıb. Əlimizdə faktlarımız var. Həmin faktları idarədə araşdırma aparanlara təqdim etdik. Onun şikayətini bağladılar, bildilər ki, biz günahkar deyilik”.
Vüqar Bəkirovun szölərinə görə, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə İdarəsi yenidən Mazbura Əliyeva barəsində olan işi araşdırılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərib: “İdarədə araşdırma aparıldı. Araşdırma gedən zaman qadın bizə zorakılıq tətbiq etməyə başladı, Mədət Quliyevin adını hallandırmağa başladı. Bununla bağlı Zəminə Məhərrəmova ilə birlikdə Mədət Quliyevin qəbulunda olduq, Mazbura Əliyevanın onun adından istifadə etdiyini bildirdik.
Qeyd etdik ki, bizə zorakılıq tətbiq edir, şikayətlərimizi geri götürtmək istəyir. Bu görüşdən sonra ciddi araşdırma aparıldı”.
Vüqar Bəkirovun sözlərinə görə, daha sonra Respublika Prokurorluğunda Rüstəm Usubovun, Kamal Qılıcovun, Prezidentin hüquq-mühafizə orqanlarına nəzarət üzrə köməkçisi Fuad Ələsgərovun, Bakı şəhər prokuroru İlqar Abbasovun, Nərimanov rayon prokuroru Vüqar Əliyevin qəbulunda olublar: “Ciddi istintaq hərəkətləri aparıldı və məlum oldu ki, Mazbura Əliyeva bizdən əvvəl bir çox adamları aldadıb, eyni üsulla dələduzluq edib. Istintaq hərəkətləri aparılandan sonra sentyabrın 26-da Mazbura Əliyevanın həbs edilməsi üçün qərar verildi”.
Vüqar Bəkirov deyib ki, Mazbura Əliyevanı Bakı şəhər prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasov himayə edib: “Bu fakt son bir neçə gündə aparılan təhqiqat araşdırmaları nəticəsində üzə çıxdı. Müşfiq Abbasovun özü də dələduzluq ittihamı ilə əvvəllər məhkum olunub”.
Nərimanov rayon Polis İdarəsindən Teleqraf.com-a bildirilib ki, Mazbura Əliyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.
Hazırda istintaq hərəkətləri həyata keçirilir.
Qeyd edək ki, cinayət işində adı keçən Müşfiq Abbasov barəsində Səbail rayon Məhkəməsinin hökmü ilə 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.
Müşfiq Abbasov İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın ona qarşı hazırladığı sui-qəsdlə bağlı cinayət işini araşdırıb.
Bu işdə bir çox saxtakarlığa yol verdiyi müəyyən edilib.
Bundan sonra Müşfiq Abbasov prokurorluq orqanlarından xaric olunub.
Onu da əlavə edək ki, zərərçəkmiş Vüqar Bəkirov mərhum xalq artisti İlham Quliyevanın oğlu Orxanın yaxın dostudur.
Onun özü də bir müddət əvvəl şərlənərək həbs edilmişdi. Məhkəmə tərəfindən onun barəsində bəraət hökmü çıxarılıb.