Daxili İşlər Nazirliyi naftalan şəhərində baş verən oğurluq hadisəsi ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Naftalan şəhər polis şöbəsinə sentyabrın 23-ü axşam saatlarında fərdi yaşayış evlərinin birində oğurluq hadisəsi barədə ərizə daxil olub.
Zərərçəkən qeyd edib ki, evindən ümumi dəyəri təxminən 11 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri - əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan 35 yaşlı Səbuhi Səmədov və 31 yaşlı Ruslan Əsgərov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər əməllərini etiraf etməklə bərabər ələ keçirdikləri qənimətləri də istintaqa təhvil veriblər.
Araşdırmalar zamanı o da məlum olub ki, bu, “qəhrəmanların” ilk oğurluq cinayəti deyil.
Ruslan Əsgərov Goranboy rayonun Balakürd kəndində bibisi evinin kimsəsiz və mənzildə xeyli qızıl-zinət əşyasının olduğu barədə dostuna danışdıqdan sonra onlar oğurluq etməyi qərarlaşdırıblar.
Bibisinin evindən 15 min manatlıq qızıl-zinət əşyası, 1500 manatı aparan Ruslan Əsgərov və cinayət ortağı bir neçə gün sonra eyni üsulla Naftalanda başqa bir mənzili də qarət ediblər.
Oradan xeyli miqdarda qızıl zinət əşyası və pul götürsələr də, bu dəfə məsuliyyətdən yayına bilməyiblər.
Faktlarla bağlı araşdırmalar aparılır.