Daxili İşlər Nazirliyi paytaxtın Xəzər rayonunda baş verən silahlı insidentlə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, noyabrın 17-də saat 13 radələrində rayonun Şüvəlan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirib, sonra hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilmiş Cabir Babayev saat 17 radələrində ölüb.
Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Vüqar Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş “İJ” markalı tüfəng götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Qeyd edək ki, qətlə yetirilən Cabir Babayev paytaxtın məşhur “avtoş”larından olub və "Cabir-012" adı ilə tanınıb.
Onun ölümü isə təsadüf nəticəsində baş verib.
Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə “şram” atıb. O, da həmin şəxsi güllələmək istəyib və bu zaman atəş Cabirə tuş gəlib.