Sumqayıt şəhərində silsilə cinayətlər törədən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində silsilə cinayətlər törədən Corat qəsəbəsi sakini Ağami Ağayev saxlanılıb.
Onun bu ilin fevral-dekabr ayları ərzində şəhər ərazisindəki gözəllik salonundan 60 manat pul, hazırlıq kursundan televizor və kompyuter, 2 avtomobildən 60 manat pul, tütün məmulatı, bankomat kartı və audiodisklər, 2 evdən 4 ev quşu və su mühərriki, şəhər sakini olan 1 nəfərin mobil telefonunu, daha bir nəfərin isə çantasından pul və sənədlərini və iaşə obyeklərindən birindən elektrik avtomat qoruyucusunu oğurlaması müəyyən edilib.
Ağami Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.