Bakıda yetkinlik yaşına çatmamış qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Turqay Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə baş tutan qapalı iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, Turqay Quliyev Nizami rayonu ərazisində yetkinlik yaşına çatmayan Vəfa Səlimovaya qarşı seksual xarakterli hərəkətlər edib. O, qızla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Vəfa Səlimovanın ailə üzvlərinin polisə şikayətindən sonra Turqay Quliyev həbs edilib.
İstintaq orqanı tərəfindən Turqay Quliyevin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.
Növbəti proses martın 7-də davam edəcək.