Sumqayıt şəhərində arvadını bıçaqlamaqda təqsirli bilinən Şərur rayon sakini, 1992-ci il təvəllüdlü Turan Əzizlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Turan Əzizli Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən binalardan birinin qarşısında əvvəllər qeyri-rəsmi ər-arvad münasibərləri olmuş Samirə Əhlimanova ilə mübahisə edib.
Mübahisə zamanı Samirə Əhlimanova onun valideynlərinin ünvanına nalayiq söyüşlər söyüb.
Bu zaman Turan Əzizli Samirə Əhlimanovanın bədəninin müxtəlif nahiyələrinə üzərində gəzdirdiyi bıçaqla 3 zərbə vurub.
Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Turan Əzizlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Turan Əzizli apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, məhkəmə zalından azadlığa buraxılmasını istəyib.
Turan Əzizlinin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Şikayət təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmə zərərçəkmişin şikayətçi olmamasını qərarda nəzərə alıb və Turan Əzizlinin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edib.
Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və azadlığa buraxılıb.