Quba şəhər bələdiyəsinin sədri vəzifəsini icra etmiş şəxsin qanunsuz əməlləri ifşa olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən müxtəlif sahələrdə əhalini narahat edən korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Dövlət başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədi ilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun davranış qaydaları və etik normalarına riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Quba şəhər bələdiyəsinin sədri vəzifəsini icra etmiş Dəstəbəy Tərlanovun qanunsuz əməlləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində D.Tərlanovun xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxmaqla Quba bələdiyyəsinə məxsus 2.5 sot torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsi kimi rəsmiləşdirməklə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmasını təmin etmək üçün rayon sakininin 1750 manat pulunu rüşvət kimi tələb edərək almasına, bundan başqa vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini qəsdən pozaraq tanışlıq münasibətləri olan ayrı-ayrı şəxslərə hərrac və müsabiqə keçirilmədən qanunsuz olaraq bələdiyyəyə məxsus 3090 manat dəyərində 0,06 ha torpaq sahəsini sataraq bələdiyyənin mülkiyyətindən çıxarmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
D.Tərlanov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.