Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə ittiham olunan İlqar Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin dekabrın 11-də, saat 23:45 radələrində Q.Quliyev küçəsində naməlum şəxs Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Emin İmanova bıçaq xəsarəti yetirib. Yaralı Emin İmanov Kliniki Tibbi Mərkəzə daxil olub və orada ölüb.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bakı şəhər sakini İlqar Hüseynov Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarın Şöbəsi və Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tutulub.
İlqar Hüseynov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham edilir. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmə davam edir.
Hacı Zeynalov