Azərbaycanda ailəli kişini şantaj etməkdə, onu özünü öldürmə həddinə çatdırmaqda, digər ağır cinayətlərdə ittiham olunan Elnarə Əzizova və onun tanışı Dünyamalı Şahbazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Eldar İsmayılovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 21-nə təyin olunub.
İttihama görə, Elnarə Əzizova 2017-ci ilin yay aylarında Bəxtiyar Həsənzadə ilə tanış olub və onların arasında yaxın münasibət yaranıb. Birgə olduqları 4 ay müddətində Elnarə Əzizova Bəxtiyar Həsənzadənin "Facebook" və "WhatsApp"ının parollarını ələ keçirib.
O, həmin sosial şəbəkə profillərinin kodlarını yenisi ilə əvəz edib. Sonra Bəxtiyar Həsənzadənin özünə və ailə üzvlərinə məxsus məlumatları, fotoşəkilləri əldə edib, habelə qeyri-təbii yolla cinsi əlaqədə olduqları anın video görüntülərinin əlində olması ilə onu hədələyib.
Elnarə Əzizova 2017-ci ilin dekabrın son günlərindən 2018-ci ilin martın 27-dək olan müddət ərzində Bəxtiyar Həsənzadəyə qarşı amansız rəftar edib. Birlikdə çəkilmiş fotoşəkillərini həmin "Facebook" səhifəsinin profilində paylaşıb. Bəxtiyar Həsənzadənin ailə münasibətlərinin pozulmasına səbəb ola biləcək məzmunda onun arvadı Ləmana (ad şərti verilib - red.) "WhatsApp" sosial şəbəkəsi vasitəsilə mesajlar yazıb.
Elnarə Əzizova Bəxtiyar Həsənzadənin arvadına və övladlarına məxsus fotoşəkilləri dostlarına göstərib, mütəmadi olaraq onun ləyaqətini alçaldıb.
Həmçinin, mənəviyyatdan və insanlıqdan kənar hərəkətlər edib, ailəsini, övladlarını və valideynlərini ataraq onunla birlikdə yaşamasını tələb edib. O, əks təqdirdə əldə etdiyi digər fotoşəkilləri və qeyri-təbii yolla cinsi əlaqədə olmalarını əks etdirən video-görüntüləri sosial şəbəkələr vasitəsilə yayıb, onu rüsvay edəcəyi ilə hədələyib.
Belə hərəkətləri ilə Elnarə Bəxtiyar Həsənzadəyə hədə-qorxu gəlib, arvadına "Bəxtiyar ya mənim olacaq, ya da qara torpağın" məzmunlu mesajlar yazıb.
Eyni hədələrlə Bəxtiyar Həsənzadədən ayrı-ayrı vaxtlarda ümumilikdə 15000 manat məbləğində pul alsa da, yenə də hədə-qorxu gəlib.
Nəticədə Bəxtiyar Həsənzadə 27 mart 2018-ci il tarixdə, gecə saat 02 radələrində müvəqqəti olaraq yaşadığı əmisinə məxsus Şamaxı şəhərində olan evin eyvan hissəsində özünü asaraq öldürüb.
Bundan əlavə, Elnarə Əzizova 2018-ci ilin təxminən fevral-mart aylarında Bakı şəhəri ərazisində Bəxtiyar Həsənzadəyə məxsus "TOYOTA L AND CRUİSER" markalı avtomobilin salonunda sağ tərəfdə yerləşən saxlanc yerindən (bardaçok) onun 550 manat dəyərində 2015-ci il model, "Samsung A5" markalı mobil telefonunu 15 manat dəyərində sim kartla birlikdə oğurlayıb.
Bu oğurluq yolu ilə o, Bəxtiyar Həsənzadəyə məxsus telefonun yaddaşından fotoşəkilləri, video-görüntüləri və digər məlumatları əldə edib.
Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən dəyənək tipli predmeti qanunsuz olaraq əldə edib, üzərində gəzdirib. Aparılan axtarış zamanı evin yataq otağında olan dolabın daxilindən qeyd olunan dəyənək aşkar olunmaqla götürülüb.
Bundan əlavə, Elnarə Əzizova 2014-cü ilin avqust ayından etibarən Bakı şəhəri ərazisində Aydan Məmmədovanın müxtəlif iaşə obyektlərində şəxsiyyətləri istintaqa məlum olmayan ayrı-ayrı kişilərlə ödəniləcək pulun məbləği barədə razılaşmaqla cinsi əlaqəyə girməsinə şərait yaradıb.
Elnarə Əzizova həmin hərəkətlərə Aydan Məmmədovanı təhrik etməklə gəlir əldə edib, sonuncunu fahişəliyə cəlb edib.
İttiham akrında qeyd olunur ki, Elnarə Əzizova tanışı Dünyamalı Şahbazov ilə birlikdə daha bir neçə qadını ayrı-ayrı kişilərlə görüşdürüb, onların intim əlaqədə olmalarını video çəkiliş edib.
Daha sonra onlar video çəkilişdə üzləri görünən qadınları, həmçinin intim əlaqəyə girən kişiləri şantaj ediblər, onlardan külli miqdarda pul alıblar.
İstintaq orqanı tərəfindən Elnarə Əzizovanın barəsində 125-ci (özünü öldürmə həddinə çatdırma), 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.
Dünyamalı Şahmazov isə Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.3-cü maddələri ilə ittiham edilir.
Cinayət işi üzrə 3 kişi, 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb.