22 Yanvar 13:07
218

Bakının Binəqədi rayonunda ötən gün ayrı-ayrılıqda 4 əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Ələmov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 520 qramdan artıq heroin, 265 qrama yaxın metamfetamin və 508 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Bundan başqa, 4-cü polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Qasımov tutulub. Şəxsi axtarış zamanı ondan 394 qramdan artıq heroin aşkar edilib.

Daha bir əməliyyatı Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da rayon ərazisində 1 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş V.Salamovun ətrafında Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsində araşdırma aparılıb.

Aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1000 manat və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov