23 Yanvar 2020 14:12
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana qanunsuz pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən Şirzad Abdullayev və Faiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Şirzad Abdullayev və Faiq Məmmədovun əvəli sübuta yetirilməyib, hər iki şəxsin barəsində bəraət hökmü çıxarılıb.

Onların barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən daxil olmuş müraciət əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarələrinin həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində özgənin əmtəə nişanından qanunsuz istifadə etməklə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda pirat dərs vəsaitləri gətirərək satışını təşkil edən mütəşəkkil dəstə üzvlərinin qanunazidd əməlləri ifşa edilib.

İstintaq zamanı Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə etməklə orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda ölkə hüdudlarından kənarda nəşr olunaraq həmin məhsulların Azərbaycanın gömrük nəzarətindən düzgün bəyan etməməklə keçirilməsi və respublika ərazisində satışının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Şahmar Abdullayevə, Şirzad Abdullayevə, Faiq Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə qarşı Cinayət Məcəlləsinin 197.2-ci (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib.

Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb.

Musurza Aslanov, Səfər Dünyamalıyev, Şahmar Abdullayev, Fəzail Qocayev və Xanlar Qocayevin cinayət işi ayrıca icraata ayrılıb, daha əvvəl Qaradağ rayon Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov