Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə hakim heyətinin yeni tərkibi açıqlanıb.
Məlum olub ki, bundan əvvəl prosesə sədrlik edən hakim Fərhad Əliyev təqaüdə göndərilib, iş araşdırılması üçün hakim İnqilab Nəsirovun icraatına verilib.
Hakim bildirib ki, məhkumlar prosesdə şəxsən iştiraklarının təmin olunması barədə məhkəməyə müraciət ediblər. Hakim qeyd edib ki, məhkumların etap olunması üçün məktub verilib.
Hakimin sözlərinə görə, məhkumlar yenidən müraciət ediblər və məhkəmə prosesində Bakı İstintaq Təcridxanasına köçürülmədən birbaşa cəzaçəkmə müəssisəsindən gətirilmək istəyirlər.
Hakim əlavə edib ki, bu isə qanunvericilikdə nəzərdə tutulmayıb və bu məsələ məhkəmənin səlahiyyətinə aid deyil.
Daha sonra prosesdə Elçin Quliyevin yeni müdafiəçi ilə müqavilə bağladığı bilidirilib. Vəkil iş materialları ilə tanış olmaq üçün vaxt istəyib.
Növbəti proses aprelin 7-də davam edəcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər.
Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib. Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib.
Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O, dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Maqsud Mahmudov Elçin Quliyev və Azər Mehdiyevə qarşı 200 min manata yaxın mülki iddia qaldırıb.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə tərəflərin apelyasiya şikayətləri təmin edilməyib.
Bakı Hərbi Məhkəməsinin hökmünə görə, Elçin Quliyevin general rütbədən məhrum edilməsi barədə ölkə prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edilib.
Cinayət işi üzrə zərərçəkmişlərin mülki iddiasını təmin edilməyib.
Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub.
Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.
Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi general Elçin Quliyev cavabdeh olaraq tanınıb.