Bakıda əmisi arvadını qısqanclıq zəminində qətlə yetirməkdə ittiham olunan 1983-cü il təvəllüdlü Rəsul Hüseynovun məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Rəsul Hüseynov Pirallahı qəsəbəsində uşaq vaxtlarındn birlikdə yaşadığı əmisi arvadı Mariya Qəhrəmanova ilə on il gizlin şəkildə intim münasibətdə olub.
O, Mariya Qəhrəmanovanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən əri iki günlük uzunmüddətli görüşə gedəcəyi barədə xəbər alıb. Bundan qısqanclıq hissi keçirərək uzun müddət tərgitdiyi spirtli içki qəbul etməyə başlayıb.
16 iyul 2018-ci il tarixdə cəzaçəkmə müəssisəsindən evə qayıdan Mariya Qəhrəmanova ilə mübahisə edib. İyulun 17-də səhər saat 7 radələrində spirtli içki qəbul edib və sərxoş vəziyyətdə yaşadığı evə gəlib.
Rəsul Hüseynov evin giriş otağında Mariya Qəhrəmanova ilə qarşılaşıb. O, yenə də əmisi arvadı ilə mübahisə edib, otağın pəncərəsini sağ əli ilə vuraraq sındırıb.
Daha sonra onlar evin həyətində olan hamamda münaqişəni davam etdiriblər. Rəsul Hüseynov onu qadın kimi çox istədiyini, ərinin yanına gedərək uzunmüddətli görüşdə olmasını qısqandığını və bunu unutmaq üçün daha çox spirtli içki qəbul etdiyini deyib. Mariya Qəhrəmanovanın onun sevgisinə laqeyd yanaşması, içki içməsinə irad tutması səbəbindən qisas almaq məqsədi ilə əmisi arvadını öldürmək qərarına gəlib.
Rəsul Hüseynov yumruqla Mariya Qəhrəmanovanın baş nahiyəsinə zərbə vurub, qollarından tutaraq itələyib.
Bu zaman qadının başı hamamın beton divarına dəyib və o, aldığı xəsarətdən ölüb.
İstintaq orqanı tərəfindən Rəsul Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Rəsul Hüseynov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, hadisə zamanı sərxoş olub: “Əmim iki ildir həbsdədir. Əvvəllər spirtli içki içəndə sərxoş vəziyyətdə ailə üzvlərimlə mübahisə edirdim, ev əşyalarını sındırırdım. Hadisədən 5 ay əvvəl əmim arvadına və əmim qızına içkini tərgidəcəyimə söz verdim. Son bir neçə gündə yenidən içməyə başlamışdım”.
Hadisə baş verən gün sərxoş olduğunu deyən Rəsul Hüseynov əlavə edib ki, əmisi arvadı ilə də məhz buna görə mübahisə edib: “Səhər tezdən dənizə getmək istəyirdim. Sərxoş olduğuma görə Mariya mənə irad bildirdi, məni söydü. Hirslənib əlimlə pəncərəni sındırdım, əlim kəsildi. Qanı yumaq üçün hamama keçdim. Mariya isə mənə yerə tökülən şüşələri təmizləyəcəyimi söylədi. Qapıda dayanıb söyüş söyməyə davam etdi. Onu əlimlə kənara itələyib hamamdan çıxmaq istədikdə yerə yıxıldı. Mən heç vaxt onu başından vurmamışam. Mariyanın yüksək qan təzyiqi var idi. Ölümünə səbəb də bu olub”.
Əmisi arvadı ilə heç zaman yaxın münasibətdə olmadığını deyən Rəsul Hüseynov istintaq zamanı belə ifadə vermədiyini söyləyib.
Qeyd edək ki, Rəsul Hüseynov istintaqa verdiyi ifadəsində göstərib ki, təxminən on ildir əmisi arvadı ilə aralarında intim münasibət olub, bundan heç kimin, eləcə də əmisinin xəbəri olmayıb. O, Mariyanı bir qadın kimi çox istədiyini, onu qısqandığını göstərib: “Mariyanın əmimin yanına gedəcəyini hadisədən bir həftə əvvəl eşitmişdim, qısqanclıqdan özümə yer tapa bilmirdim. Qıqanclıq hissi məni narahat etməsin deyə yenidən araq içməyə başladım. Mariya evə qayıdanda onu qısqandığımı, buna görə də neçə gündür içdiyimi dedim. O isə laqeydlik göstərərək içməyimə deyingənlik etdi, nalayiq sözlər dedi. Mən də əsəbiləşib vurdum”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Nərminə Hüseynova ifadəsində anası ilə Rəsulun arasında yaxın münasibət olduğunu hiss etdiyini, amma bununla bağlı onlara heç bir söz demədiyini söyləyib.
Anasının Rəsula daha çox diqqət göstərməsi, ona qayğı ilə yanaşması Nərminənin diqqətindən yayınmayıb.
Belə ki, anası Rəsula həmişə təzə paltar, ayaqqabılar alıb, harasa gedəndə narahat olub, dəfələrlə zəng vurub nə zaman gələcəyini soruşub: “Onların münasibətindən heç kimin xəbəri yox idi. Rəsul anamı qısqanırdı. Anam atamın yanına görüşə gedib qayıdandan sonra Rəsul həmişə evdə söz-söhbət salır, mübahisə yaradırdı. Rəsul anamın cəzaçəkmə müəssisəsinə gedəcəyini bilib, yenə də içməyə başlamışdı. Hər gün evə sərxoş gəlirdi".
Sübh tezdən anasının səsinə yuxudan oyanan Nərminə onun yenə də Rəsulla mübahisə etdiyinin şahidi olub. Anasının “sən məni vurdun?” deyə qışqırdığını eşidincə evdən çıxaraq hamama sarı qaçıb: “Anam yerdə uzanmışdı, nəfəs almırdı. Heç yerində xəsarət yox idi. Baş nahiyəsində bir az qan var idi. Əlimlə qanı sildim. Həmin qan Rəsulun kəsilmiş əlinin qanı idi. Rəsul sərxoş halda hamamda oturmuşdu. Ondan anamı niyə vurduğunu soruşdum. Dedi ki, əcəb eləmişəm.
Qaçıb qonşuluqda yaşayan digər əmim oğlunu köməyə çağırdım, təcili yardıma zəng vurdum. Həkimlər anamı müayinə edərək öldüyünü dedilər. Rəsuldan şikayətçiyəm. Ona ağır cəza verilməsini məhkəmədən xahiş edirəm”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Hüseyov 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan Rəsul Hüseynov apelyasiya şikayəti verib. O, hadisə zamanı sərxoş olduğunu, sərxoş olduğu zaman əmisi arvadı ilə mübahisə etdiyini, bu zaman ehtiyatsızlıqla onu itələdiyini deyib.
Rəsul Hüseynov hadisənin ehtiyatsızlıqdan baş verdiyini göstərib və əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın təyin olunmasını istəyib.
Rəsul Hüseynovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhədovun sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda şikayətin təmin edilməməsi barədə qərar elan edib.
Bu qərardan narazı qalan Rəsul Hüseynov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti baxılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayəti araşdırılıb, sonda qərar elan edilib.
Rəsul Hüseynovun kasasiya şikayəti də təmin olunmayıb.