25 Aprel 2020 14:24
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü İman İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, İman İbrahimov Şəmkir şəhərində Uşaq xəstəxanasının qarşısındakı dayanacaqda onunla birlikdə taksi fəaliyyəti ilə məşğul olan tanışı Təbriz Əliyevlə mübahisə edib. Onların arasıda mübahisə müştəri üstündə düşüb.

İman İbrahimov Təbriz Əliyevin müştərini növbədənkənar apardığını görüb, onun bu hərəkətlərindən əsəbiləşib, ona irad bildirib. Daha sonra Təbrizə yaxınlaşıb, söhbət etmək üçün başqa yerə getməyi təklif edib.

Onlar birlikdə Təbriz Əliyevin idarə etdiyi VAZ-21099 markalı avtomobilə əyləşiblər və Şəmkir şəhəri “Kraz yolu” massivinə gediblər.

Yolun kənarında növbədənkənar müştəri aparmaq üstündə qızışan mübahisə zamanı İman İbrahimov üzərində olan bıçaqla Təbriz Əliyevi vurub.

Təbriz Əliyevə xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən İman İbrahimov isə həbs edilib.

İstintaq orqanı tərəfindən İman İbrahimovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İman İbrahimov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İman İbrahimov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın daha yüngül cəza ilə əvəz olunmasını istəyib.

İman İbrahimovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayətin təmin edilməməsi barədə qərar elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər