Bakıda “Bibixanım” ləqəbi ilə tanınan narkotacir Xalidə Ağayevanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, iş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.
İttihama görə, Xətai rayon Polis İdarəsinə Əhmədli qəsəbəsi Zığ yolu küçəsində Xalidə adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə məlumat daxil olub.
Həmin şəxsin saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı Xətai rayon sakini Xalidə Ağayeva tutularaq istintaqa təqdim edilib.
Saxlanılan zaman Xalidə Ağayevanın üzərindən 78,173 qram, yaşadığı evdən isə 3 kiloqram 20 qram heroin, 194,645 qram tiryək, 500 qram metamfetamin və elektron tərəzi aşkarlanıb.
Xalidə Ağayeva ifadəsində bir müddətdir narkotiklərin satışı ilə məşğul olduğunu, həmçinin tanınmasın deyə hər kəsə özünü "Bibixanım” deyə təqdim etdiyini bildirib.
İstintaq orqanı tərəfindən Xalidə Ağayevanın barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.