İstanbulun Avcılar məhəlləsində karantindən sonra küçəyə çıxmağa icazə verildiyi ilk gündə dəhşətli hadisə yaşanıb.
Teleqraf.com xəbər verir ki, yerli vaxta 17.00 (Bakı vaxtı ilə 18.00) küçədə getdikləri yerdə Dəniz B. və xanımı Öznur B. arasında bəlli olmayan səbəbdən mübahisə yaranıb. Mübahisənin ardından əlində bıçaqla qadını qovan gözü dönmüş kişi bir müddət sonra onu yaxalayıb. Əsl dəhşət də bundan sonra yaşanıb. Kişi bıçaqla qadına dəfələrlə zərbə endirərək, onu ağır yaralayıb. Ətrafdakı vətəndaşlar yaralanan qadına ilk yardım etmək istəsələr də, Dəniz B. bıçaqla onlara mane olub.
Bir müddət sonra hadisə yerinə polis və təcili yardım qrupları gəlib. Hadisədən sonra qaçan Dəniz B. az sonra yaxalanıb və polis bölməsinə aparılıb. Ağır yaralanan həyat yoldaşı isə xəstəxanaya qaldırılıb. Polis hadisə ilə əlaqədar araşdırma aparır.