Bakıda üç nəfəri bıçaqlamaqda təqsirli bilinən Vasif Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 3-nə təyin olunub.
İttihama görə, ötən il dekabrın 22-də, axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində “85” kafesinin qarşsında Vasif Əhmədovun idarə etdiyi “VAZ 2106” ilə Murad Xəlilzadənin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.
Bu zaman hər iki maşında olan sərnişinlər – Şəmistan Məmmədov, Əli Vəliyev və Vüsal Rzayev mübahisə ediblər.
Sürücü Vasif Əhmədov üzərində olan bıçaqla digər sürücü Murad Xəlilzadəni sinəsindən, onun sərnişinləri Əəli Vəliyevi kürəyindən, Vüsal Rzayevi isə qıçından bıçaqlayıb.
Cinayəti törədən Vasif Əhmədov tutulub.
İstintaq orqanı tərəfindən Vasif Əhmədovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.