14 İyul 2020 09:24
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda idmançının öldürməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Orxan Hacıyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu il fevralın 1-də gecə saat 1 radələrində Şamaxı şəhərində, "Yeddi Günbəz" qəbiristanlığında qeydə alınıb. Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini, 1995-ci il təvəllüdlü Ruslan Surxayevin bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib.

Nəticədə Ruslan Surxayev aldığı xəsarətlərdən ölüb. Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, meyit daxili müayinə olunmaq üçün "MTE və PA ETT Birliyinin" Şamaxı rayon şöbəsinin morquna təhvil verilib.

Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə 2-ci kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyir.

Sərbəst güləşçi Ruslan Surxayev 2013-cü ildə Makedoniyanın Skopye şəhərində gənclər arasında Avropa çempionu olub.

Bundan başqa, Ruslan Surxayev sərbəst güləş üzrə yeniyetmələr arasında Polşada keçirilən Avropa birinciliyinin qalibi, Tailandda keçirilən Dünya birinciliyinin gümüş mükafatçısıdır. O, gənclər arasında keçirilən Dünya birinciliyinin gümüş mükafatşısı da olub

İstintaq orqanı tərəfindən Orxan Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər