Biləsuvar rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Rahid Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Rahid Mehdiyev 9 may 2019-cu il tarixdə saat 20.40-da sərxoş vəziyyətdə Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində yerləşən, atası Rafiq Mehdiyevə məxsus və özünün işlətdiyi çayxanada olan zaman həmkəndlisi Eltun Məmmədov ona zəng edib.
Həmin vaxt Eltun Məmmədov Rahid Mehdiyevə arvadı ilə sevgi münasibətlərində olduğunu deyib, ünvanına nalayiq söyüşlər söyüb. Rahid Mehdiyev də Eltun Məmmədova eyni söyüşlərlə cavab verib.
Bundan sonra məsələni aydınlaşdırmaq üçün Eltun Məmmədov idarə etdiyi VAZ-21011 markalı avtomobillə çayxananın qarşısına gəlib və Rahid Mehdiyevə söhbət üçün başqa yerə getməyi təklif edib.
Rahid Mehdiyev mübahisə zamanı ünvanına təkrar söyüşlər söydüyünə görə Eltun Məmmədovu öldürmək qərarına gəlib. Avtomobilin sükanı arxasında əyləşmiş Eltun Məmmədova yaxınlaşıb və bıçaqla ona iki dəfə zərbə vurub. Eltun Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Rahid Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahid Mehdiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi Tərxanım Məmmədova tərəfindən verilmiş mülki iddia qismən təmin olunub. 10.000 manat məbləğində pul mülki cavabdeh olan Rahid Mehdiyevdən alınaraq mülki iddiaçıya ödənilməsi hökm edilib.
Hökmdən narazı qalan Tərxanım Məmmədova apelyasiya şikayəti verib. O, Rahid Mehdiyevə daha ağır cəza təyin edilməsini və verdiyi mülki iddianın tam həcmdə təmin olunması barədə qərar çıxarılmasını xahiş edib.
Hüquqi varis apelyasiya şikayəti onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi Rahid Mehdiyevin cinayət əməlini düzgün tövsif etməyib.
Rahid Mehdiyev onun oğlunu köməksiz vəziyətdə, insanların gözü qarşısında öldürməsinə baxmayaraq məhkəmə əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə tövsif etməli olduğu halda bunu etməyib, məhkum olunmuş şəxsə həddən artıq az cəza verib.
Tərxanım Məmmədova qeyd edib ki, mənəvi ziyana görə 100.000 manat mülki iddia versə də, məhkəmə yalnız 10.000 manat mülki iddianı təmin edib. Ona görə də mülki iddianın tam həcmdə təmin olunmasını xahiş edib.
Zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Tərxanım Məmmədova tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilib. Hüquqi varisi Tərxanım Məmmədovanın ona dəymiş mənəvi ziyana görə mülki iddia mülki iddiaçıya 100.000 manat miqdarında mənəvi ziyan tutulması hissəsində 20.000 manat məbləğində təmin edilib. 20.000 manat məbləğində pul vəsaiti mülki Rahid Mehdiyevdən alnaraq Tərxanım Məmmədovaya verilməsi barədə qərar qəbul edilib.
Qalan hissədə hökm dəyişdirilmədən saxlanılıb.